19 mart 2025 16:49
116

Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı ciddi dialoqa ehtiyac duyur - Boçorişvili

Gürcüstan və Avropa İttifaqı (Aİ) birlikdə yaşamağı öyrənməlidir, bizə ciddi dialoq lazımdır.

“İki sahil” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Nyu-Delhidə keçirilən “Raisina Dialoqu 2025” beynəlxalq konfransı çərçivəsində panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə üzvlüklə bağlı ciddi dialoqa ehtiyac duyur: "Aİ Gürcüstan üçün əsas istiqamətdir".

Boçorişvili qeyd edib ki, Gürcüstan uzun illərdir Avro-Atlantik məkana inteqrasiya etməyə çalışır və bu istiqamətdə ciddi irəliləyiş əldə edib.

“Avropa İttifaqı özümüzü görmək istədiyimiz yerdir. Biz Qərb dövlətləri ilə ayaqlaşmaq, NATO və Aİ-nin üzvü olmaq istəyirik. NATO və Aİ ilə sıx əməkdaşlıq edirik. Məsələn, Gürcüstan NATO-nun üzvü olmasa da, Əfqanıstandakı sülhməramlı missiyalarda ən böyük qeyri-üzv iştirakçı olub. 2014-cü ildən Aİ-nin assosiativ tərəfdaşıyıq və dərin, hərtərəfli azad ticarət sazişi çərçivəsində Avropa bazarına inteqrasiya imkanımız var”, - deyə nazir bildirib. ("Report")