1995-ci ilin mart dövlət çevrilişi cəhdindən 30 il keçir
Tarixin çətin sınaqlarından qətiyyətlə çıxmış Azərbaycan xalqının azadlığı uğrunda mübarizəsinin özünəməxsus qəhrəmanlıq salnaməsi var.
Ən çətin anlarda xalqa yol göstərən, bələdçi olan liderlər ağlı, zəkası, xalqla birliyi ilə düşmənlərə, xəyanətkarlara layiqli cavablar vermişlər. 12-17 mart 1995-ci ildə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin planlaşdırdığı dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz bu birlik sayəsində alındı. Bu gün bəzi dairələr Rövşən Cavadovdan qəhrəman kimi təqdim etməyə, onun müsbət obrazını yaratmaq cəhdlər edir. Çox təəssüf...
Ona görə təəssüf ki, həmin illərin canlı şahidləri olan yaşlı və orta nəsl yaxşı bilir ki, həmin dövrdə məhz Ümummilli Lider Heydər Əliyevin böyük dövlət xadimi kimi müdrikliyi və uzaqgörənliyi nəticəsində əvvəlcədən düşünülmüş və planlaşdırılmış təxribatların qarşısı alındı. Ancaq bu yol asan olmadı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev Gəncədə başlayan iğtişaşları yatırmaqla vətəndaş müharibəsinin qarşısını aldı, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün xain planlarının qarşısı xalqın gücü, birliyi və qətiyyəti ilə dəf edilirdi.
1995-ci ilin 12-17 mart hadisələrində növbəti dəfə Heydər Əliyev - xalq birliyi təsdiqini tapdı. İqtidarda olduqları dövrdə ölkədə xaos yaradan, insanların gələcəyə olan ümidlərini qıran, yalnız şəxsi mənafelərini düşünən AXC-Müsavat tör-töküntüləri öz simalarını bir daha ortaya qoydular. O vaxt respublikanın daxili işlər nazirinin müavini işləyən Rövşən Cavadovun ətrafına toplaşan bir qrup silahlı, xüsusi təyinatlı polis dəstəsinin üzvləri - OMON- Bakıda və respublikanın bir neçə rayonunda iğtişaşlar törətdilər. Fərman Dəmirkol, Kənan Güvən, Yalçın Ərtan kimi xarici ölkə vətəndaşları xüsusi təyinatlı polis dəstəsinə rəhbərlik edən Rövşən Cavadovla birgə hadisələrə “nəzarət edirdilər.”
Bir haşiyə çıxaraq qeyd edək ki, Fərman Dəmirkol və Kənan Güvən Türkiyə kəşfiyyatının (MİT) nümayəndələri idilər.
Dəmirkol və Güvən həbs olunandan sonra MİT rəhbərinin Bakıya gələrək Ulu Öndərdən xahişi nəticəsində
azadlığa buraxılmışdılar. Xüsusi olaraq qeyd edək ki, bu proseslərin müasir Türkiyə ilə heç bir əlaqəsi yoxdur.
Rövşən Cavadovun istəyi guya yaradılacaq Dövlət Şurasında mühüm vəzifələrdən birinə sahiblənmək idi. Vəzifə hərisliyi o qədər güclü idi ki, atası da daxil olmaqla yanına xahişə gələn ağsaqqalların silahı yerə qoymaq tələbinə də məhəl qoyulmadı.
Xalqa həmişə düzgün yol göstərən, arxa, kömək olan Ümummilli Lider Heydər Əliyevin müdrikliyi sayəsində növbəti dəfə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, Azərbaycan bu sınaqdan da mətanətlə çıxdı.
Xarici emissarların köməyi ilə özləri üçün istehkam və qərargah hazırlayan OMON-nun bir qrup “döyüşçüsü” iflasa uğramış Gəncə qiyamından sonra yenidən hakimiyyəti zəbt etmək istəyən qüvvələrin əlində oyuncağa çevrildi. Sonradan bu niyyətlərin əsil mahiyyətini açıqlayan Ulu Öndər hadisələrə belə qiymət verirdi: “Dövlət çevrilişinə cəhd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmiş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdlərinin qarşısı alındı”.
OMON üzvləri Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə yetirirdilər. Həmin dövrün canlı şahidləri yaxşı xatırlayır ki, OMON-çular R.Cavadovun rəhbərliyi ilə reket, şantajla məşğul idilər. İş adamlarından pul yığaraq təşkilatlanırdılar. Cavadovlar qardaşlarının bu gün Somalidə, Sudanda hərbi birləşmələrə rəhbərlik edən və çevrilişlər təşkil edən hərbi komandirlərdən heç bir fərqi yox idi. Rövşən Cavadovdan bu gün qəhrəman obrazı yaradanlar niyə demirlər ki, o, doğma Laçınını niyə qorumurdu? Vətənpərvər, "qəhrəman" doğma torpağı qorumağı bir tərəfə qoyaraq çirkli biznesə qurşanarmı? Reket dəstələri yaradaraq çirkli pullar toplayarmı? Cavadov qardaşları da daxil olmaqla o dövrün xainləri dövlətimiz üçün ağır miras qoymusdular - ərazilərin 20 fazinuin işğalı, 1 milyonma yaxın qaçqın və məcburi köşkün, müstəqilliyin itirilməsi təhlükəsi. Ulu Öndərimiz müstəquilliyi itirməkdən dövlətimizi xilas etdi. Ağır miras olan işğal faktını isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev aradan qaldırdı.
X.İsmayılqızı, “İki sahil”