ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi ölkələrinin BMT-dəki daimi nümayəndəliklərinin birgə dəstəyi ilə ənənəvi “Novruz möcüzələri” uşaq rəsm sərgisi keçirilib.
"İki sahil" report-a istinadən xəbər verir ki, artıq ikinci ildir baş tutan bu layihə çərçivəsində türkdilli ölkələri təmsil edən istedadlı gənc rəssamların əsərləri nümayiş olunub.
Sərginin açılış mərasimində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Özbəkistanın BMT-dəki daimi nümayəndəliklərinin səfirləri, diplomatları və yerli icmaların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin müşaviri Leyla Novruz bildirib ki, sərginin təşkil olunmasının əsas məqsədi Novruz bayramının dəyərlərini və ənənələrini tanıtmaq, həmçinin türkdilli ölkələrin zəngin mədəni irsini nümayiş etdirməkdir. Diplomat vurğulayıb ki, builki sərgi türkdilli ölkələrin milli nağılları və hekayələrinin gənc rəssamların gözü ilə canlandırılmasına həsr olunub.
Türkiyənin BMT-dəki daimi Nümayəndəsi Ahmet Yıldız Azərbaycanın təşəbbüsü ilə baş tutan layihəyə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə təşəkkür edib.
Sərgidə Azərbaycanı təmsil edən və ABŞ-də yaşayan üç məktəbli Kamal Novruz, Camal Baxşəliyev və Zərifə Novruzun rəsmləri iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev, sərgidə iştirak edən azərbaycanlı məktəblilərə sertifikatlar təqdim edib və onlarla xatirə fotosu çəkdirib. Sonda sərgidə əsərləri nümayiş olunan 40-dan çox həvəskar rəssama səfirlər və diplomatlar tərəfindən sertifikatlar təqdim olunub. Sərgi gün ərzində Türk Evini ziyarət edən qonaqlar üçün açıq olacaq.