31 mart 2025 01:24
192

The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq

Böyük Britaniya, Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dən “F-35” qırıcıları alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

London bundan əvvəl Kral donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd “F-35B” qırıcısı sifariş edib. Onlardan 37 ədədi artıq alınıb.

Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik “F-35A”ların alınması imkanını nəzərdən keçirir. Təyyarələrin 20 ildən çox əvvəl istifadəyə verilmiş “Eurofighter Typhoon” qırıcılarını qismən əvəz edəcəyi gözlənilir.

Çünki, Kral Hərbi Hava Qüvvələri performans baxımından “F-35”dən daha aşağı olan 49 ədəd “Eurofighter Typhoon” qırıcısından imtina etməyi planlaşdırır.

Böyük Britaniya “F-35”in komponentlərinin təxminən 15%-ni istehsal edir. The Times-ın mənbələri hesab edir ki, Böyük Britaniya Amerika qırıcılarına keçdikdən sonra mühəndislik bacarıqlarını itirməyəcək, çünki ölkə ixrac üçün “Eurofighter Typhoon” istehsalını davam etdirəcək, xüsusən Səudiyyə Ərəbistanı və Türkiyəyə.