14 aprel 2025 12:56
148

Çinin ixracda REKORD VURDU

Mart ayında Çinin ixracı illik müqayisədə 12,4% artaraq proqnozları üstələyib və 2024-cü ilin oktyabr ayından bu yana artım rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Analitiklər ixracın 4,4% artacağını gözləyirdilər. Reuters-in qeyd etdiyi kimi, kəskin artım Çin ixracatçılarının aprel ayında Amerika idxal rüsumlarının tətbiqinə hazırlaşması və mümkün qədər çox mal ixrac etməyə əvvəlcədən cəhd etməsi ilə bağlıdır.

Mart ayında Çinin Aİ ölkələrinə ixracı illik müqayisədə 10,3%, ASEAN ölkələrinə 11,6%, o cümlədən Vyetnama 19% artıb. Ötən ay ABŞ-a ixrac 9,1% artıb və ABŞ Çinin ümumi ticarətinin təxminən 10%-ni təşkil edərək, Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Eyni zamanda, mart ayında Çinin ümumi idxal həcmi analitiklərin gözlədiyindən çox, 2%-ə qarşı 4,3% azalıb. ABŞ-dan Çinə mal idxalı 9,5%, Aİ-dən 7,5% azalıb. ASEAN ölkələrindən idxal isə əksinə, 9,8% artıb. Pinpoint Asset Management rəhbəri Zhiwei Zhang-a görə, gələcək aylarda ABŞ-ın nəhəng tarifləri fonunda ixrac çox güman ki, azalacaq və qısa müddətdə ABŞ-da tədarük zəncirlərində xaos və çatışmazlıqlar ola bilər ki, bu da daha yüksək inflyasiyaya səbəb olacaq.