Paytaxtın Baş planında bu məsələnin həllinə dair nələr var?
Bu gün Bakı şəhəri nəinki bölgəmizdə, hətta MDB məkanında sürətlə inkişaf edən və böyüyən paytaxtdır. Lakin paytaxtımızın böyüməsi ilə bərabər, onun böyük meqapolis şəhərlərə xas olan ənənəvi ictimai poblemləri də mövcuddur. Bunlardan biri də paytaxtın tıxac problemidir.
Həmin problemin yaranma səbəblərini araşdıran bir çox müttəxəssis bu qənaətdədirlər ki, burada obyektiv və subyektiv səbəblər mövcuddur. Xüsusilə bu faktı da qeyd etmək lazımdır ki, tıxac problemi insanlarda əsəb- stress və yorğunluq yaradan çox ciddi faktorlardır. Gündəlik bu problemlə üzləşənlərin işgüzarlığı, işinin səmərəsi aşağı olur və insanlarda yaşlanmanı xeyli sürətləndirir.
Əslində, bu gün tıxacların qarşısının alınması üçün bəzi tədbirlər həyata keçirilir. Bunlar ictimai nəqliyyata daha çox yer ayırmaq və onların hərəkətililiyini stabilləşdirməkdir. Məsələn, bu gün Bakı şəhərində və Abşeron yarımadasında sərnişinlərə 2400 avtobus xidmət edir. Lakin mütəxxəsislərin fikrincə, bu azdır və daha 500 lazımdır. Tıxacın qarşısının alınması üçün Sovet illərində olduğu kimi, indi də Bakı kəndlərinə elektrik qatarlarının hərəkəti davam etdirilməlidir. Bundan başqa, metro stansiyalarının sayının artırılması da əsas şərtlərdən biridir.
Digər mühüm həll variantı kimi Xəzər dənizi vasitəsi ilə lokal sərnişin daşımaçılığı da həyata keçirmək olar. Bunun bariz nümunəsi qardaş Türkiyədir. Bu ölkədə sərnişin gəmiçiliyi yüksək səviyyədə inkişaf etməklə həm gəlirli sahəyə çevrilib, həm də vətəndaş məmnuniyyəti qazanıb.
Son illərdə paytaxt əhalisinin sayı da rayon sakinlərinin hesabına artmaqdadır. Bu da ölkədə təkcə tıxac deyil, həm də digər sosial problemlər yaradır. Ona görə də ilk növbədə regionların inkişafını təmin etməklə paytaxta əhali axınını azaltmaq olar. Digər tərəfdən, Bakıdakı ali təhsil müəssisələrinin heç olmasa 50 faizinin, o cümlədən bir çox fabrik və zavodların, hətta bəzi dövlət təşkilatlarının regionlara köçürülməsi reallaşmalıdır. Bütün bunlar ictiami rəydir və insanları narahat edən problemlərə ümumi bir baxışdır.
Bəs, Azərbaycan dövlətinin paytaxt Bakıda hələ də ciddi sosial- məişət problemi hesab edilən tıxacların həll edilməsinə dair konkret planı varmı? Qeyd edək ki, paytaxtın tıxac və digər yolinfrastkruruna dair problemlərin həllinə dair 2024-cü ildə Baş planı hazırlanaraq ictimaiyyətə təqdim edildi. Baş plan Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələdən ibarətdir. Sözügedən mərhələlərdə ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır ki onun da 33 milyard manatdan çoxu məhz özəl investisiya mənbələri hesabına həll ediləcək. Yerdə qalan maliyyə vəsaiti isə (60,5 milyard manat) dövlət büdcəsi hesabına qarşılanacaq.
Baş planda xüsusi qeyd edilib ki, Bakının mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərkənarı həlqəvi magistrallara çıxışları təmin ediləcəkdir. Həmçinin mövcud yolların həddən artıq yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturları yaradılacaqdır. Belə ki, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
Baş planda nəzərdə tutulan digər önəmli məsələ isə paytaxtımızın xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqindəki yaşayış məntəqələri ilə M-1, M-3 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov həlqəvi marşrutunun yaradılmasıdır. Bununla bərabər, Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı kənar xarici həlqəvi yolunun və Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu xarici həlqəvi yolunun inşası da Baş planda nəzərdə tutulub.
Bundan başqa, Zığ-Aeroport şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanmasının təmin edilməsi, eləcə də strateji əhəmiyyətli obyekt olan Heydər Əliyev Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı həlqəvi magistralın yaradılması nəzərdə tutulub.
Digər mühüm məsələ isə Bakının mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi məqsədilə Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-Ağ şəhər-Nobel prospekti yeni diaqonal nəqliyyat marşrutunun yaradılmasıdır.
Sözügedən Baş planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi imkan verəcəkdir ki, 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğu təqribən 368,7 km-dək artırılsın. Eyni zamanda, tıxac problemi ən azı 55-60 faiz həll edilsin.
Elçin Zaman, «İki sahil»