16 aprel 2025 02:29
93

Biz tərəfdaşlığa və dostluğa açığıq

Dövlət başçısı İlham Əliyevin ADA Universitetində keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forumda bildirdiyi kimi, ancaq o halda ki, daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər aşılanmır

Hər bir beynəlxalq əhəmiyyətli tədbir, dövlət başçısı İlham Əliyevin çıxışları özündə ehtiva etdiyi çağırışlarla diqqətdə olur, ölkə və dünya mətbuatında geniş şərh edilir. Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forum da bu baxımdan diqqətdə oldu. Cənab İlham Əliyevin çıxışı, suallara cavabları Azərbaycanın regionda və dünya siyasətində roluna bir daha işıq saldı. Ölkəmiz regionаl inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi daim diqqətdədir. Nəzərə alsaq ki, bugünümüzün əsas aktual mövzusu yeni dünya nizamının formalaşdırılmasıdır, bu halda Azərbaycanın bu prosesə verdiyi və verəcəyi töhfələr olduqca böyük maraq kəsb edir. Ölkəmizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurları diqqətdədir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri davamlı uğurları şərtləndirir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın Avropa, türkdilli və ərəb dövlətləri ilə əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan bu əlaqələr tarixi Zəfərimizdən ötən beş ilə yaxın dövrdə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Dövr, zaman dəyişirsə, qarşıya çıxan yeni tələblər sözsüz ki, etimad mühitini sıfra endirən təşkilatların fəaliyyətində də yenilikləri, təkmilləşməni bir tələbə çevirir. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, həmçinin erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapsa da bu sənədlərin icrası müşgülə çevrildi. Hələ onu da nəzərə alaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri idi. 30 il işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə böyük maneə yaradacağını bildirən həmsədrlər, amma məsələnin sülh yolu ilə nizamlanacağına əminlik yaratmağa çalışdılar. İmitasiya naminə danışıqlara dəstək olan bu dövlətlər belə yanaşmanın hansı faciələrə gətirib çıxardığının şahidinə çevrildilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təkbaşına icra etdi. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu sübut etdi. Dünyaya edilən çağırışlar uğurlu gələcəyin aydın mənzərəsini yaratdı.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Regionda siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycan bölgədə sabitliyin qorunmasına öz töhfəsini verir. Diplomatik səyləri ilə istər Qərbə, istərsə də Şərqə münasibətdə düşünülmüş xarici siyasət yürüdən Azərbaycan tamamilə müstəqil aktor kimi mövqeyini bildirir. «Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq» söyləməklə ötən illərdə olduğu kimi , hazırda da Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlərin ölkəmizdə keçirildiyini xatırladan dövlət başçımız belə mühüm tədbirlər üçün siyasi sabitliyi ilə fərqlənən Azərbaycana üçtünlük verlməsini təsadüfi deyil, düşünülmüş, əldə olunmuş razılığı məntiqə uyğun seçim kimi dəyərləndirir. Bir daha təsdiqlənir ki, həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən Azərbaycan kimi ölkələr çox deyil.

Artıq siyasətçilərin, təcrübəli dövlət xadimlərinin də etiraf etdikləri kimi, dünyanın yenidən qurulması uğrunda mübarizə gedir və proses şiddətlənir.Mövqelərin, siyasi formasiyaların fərqinin açıq-aşkar duyulduğu, gücün beynəlxalq qanunları kölgədə saxladığı, sıxışdırdığı bu mübarizədə daha dəqiq hesablamalar, zamanla ayaqlaşmaq, XXI əsrin tələbinə uyğun savaşında qalib olmaq şansı yalnız müttəfiqlik baxımından qələbə ilə nəticələnə bilər. Forumdakı çıxışında ölkəmizin Türkiyə ilə müttəfiqlik münasibətlərinə də böyük dəyər verdiyini diqqətə çatdaran Prezident İlham Əliyev qardaş ölkə ilə 1992-ci ilin əvvəlindən təməli qoyulan hərbi əməkdaşlığın davam etdirildiyini qürurla səsləndirdi. Qeyd etdi ki, zərurətdən asılı olaraq formalar dəyişsə də 30 ildən artıq müddətdə rəsmi Ankaranın müdafiə strukturları Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsində, döyüş qabiliyyətinin artmasında, əməliyyatların planlaşdırılmasında, hərbi kəşfiyyatın potensialının yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar: «Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.»

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı sualı mövcud vəziyyətə uyğun olaraq cavablandıran cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi ölkəmizin siyasi, hərbi, informasiya təxribatlarına cavab verəcək qüdrətdə olduğunu vurğuladı. Bildirdi ki, Ermənistanı yeni müharibəyə təhrik edən, birtərəfli dəstək rolunu tutan Fransa hökumətinə və ABŞ-ın keçmiş Prezidentinin Bayden administrasiyasına Cənubi Qafqaz respublikalarına balanslı yanaşmanın yarada biləcəyi təhlükələrlə bağlı dəfələrlə xəbərdarlıq edilib. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Azərbaycan «humanitar yardım» adı ilə rəsmi İrəvanın öldürücü silahlarla təmin olunmasına səssiz qalmayacaq və ölkəmiz təxribatlara hər zaman adekvat cavab vermək qüdrətindədir.

Bunun üçün əsaslar da vardır. İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrimiz ən müasir hərbi avadanlıqlarla təmin edilir. Yeni komando birləşmələri yaradılır. 2025-ci ildə hərbi büdcəmiz üçün nəzərdə tutulan beş milyard dollar vəsaitlə müdafiə qüdrətimiz daha da güclənəcək. Reallıq budur ki, Makron rejiminin, eləcə də Bayden Administrasiyası dövründə ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq Azərbaycana qarşı törədilən təxribatlarla arxayınlaşan Ermənistana lazımi məqamda heç kim kömək etməyəcək. Bu həqiqət İkinci Qarabağ müharibəsində, 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatlarında təsdiqləndi. Sülh sazişi ilə bağlı 17 maddədən ibarət sənədin 15-i ilə bağlı razılığın əldə olunması sonrakı mərhələlərə «yaşıl işıq» yandıra bilər. Həmin maddələri «Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır» sözləri ilə əsaslandıran Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad ləğv olunmalıdır. Çünki konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. İkinci şərt artıq çoxdan fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Ermənistan razılığını bildirməlidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil.

ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir. Amma formal olaraq mövcuddur. Mövqeyimiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən forumda da bu məsələyə xüsusi diqqət göstərdi. Belə ki, «Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.

Dövlət başçısı İlham Əliyev forumda coğrafiyanın hər bir ölkə üçün mühüm amil olduğunu da önə çəkdi. Bildirdi ki, lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil: «Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik.» Həmçinin o da vurğulandı ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.

Reallıq budur ki, yeni dünya nizamı başlanğıc mərhələsindədir. Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən forumda bununla bağlı ona ünvanlanan «Ancaq müəyyən siyasi modellər beynəlxalq münasibətlərdə hələ də faydalı alətlər kimi qalmaqdadır. Onlardan biri 2014-cü ildən bəri paylaşdığınız Qoşulmama Hərəkatı prinsiplərinə uyğun strateji düşüncədir. Qoşulmama Hərəkatına sədrlik təcrübənizi nəzərə alaraq, orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu nədən ibarətdir» suala cavabında bildirdi ki, bəli, biz sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq. Biz Qoşulmama Hərəkatının nisbətən yeni üzvü idik və sədr seçildiyimiz zaman 10 il idi ki, üzv dövlət idik. Bu, o deməkdir ki, bizim bu təsisata qoşulmağımızla bağlı strateji qərarımız düzgün və zamanında atılmış addım idi. Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Müəyyən institusional platformaların yaradılmasına nail olduq. Bu, həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Azərbaycan 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdi. COVID-19 dövründə istifadə olunan məlumat bazasını yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi: «Bu təşəbbüs dəstəkləndi və o, sinerjinin təmin edilməsinə yönəlmişdi. Biz bu gün sədr ölkə deyilik, ancaq “Troyka” çərçivəsində təmsil olunuruq. Yəni, təşkilatın işinin irəlilədilməsi üçün bizim müəyyən alətlərimiz var və biz bu istiqamətdə işləri davam etdirəcəyik.»

Cənab İlham Əliyev diqqəti, eyni zamanda, Azərbaycan-Avropa Şurası münasibətlərinə də yönəltdi. Vurğuladı ki, bu təşkilata qoşulduğumuz dövr xatirimdədir. O zaman parlamentin üzvü idim. Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi. Hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi: «Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir. Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim maksimum nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu.»

Dövlətimizin başçısı bu reallığı xüsusi qeyd etdi ki, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra bizi Avropa Şurasında səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik. COP29 çərçivəsində Avropa Şurasının Baş katibinin ölkəmizə səfərini xatırladan cənab İlham Əliyev bildirdi ki, o, bu təşkilatdan tam çıxmamağımızı xahiş etdi: «Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir.»

Günümüzün reallığı budur ki, ölkəmiz özünü rahat hiss edir, özümüzü təmin edən iqtisadiyyatımız var. Sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur. İkinci Qarabağ müharibəsindəki Qələbə bu birliyi daha da gücləndirib. Azərbaycan tərəfdaşlığa və dostluğa açıqdır. Ancaq o halda ki, daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir.

Qısa təhlil Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatıdır. Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq çağırışlarını edir və bunun əməli fəaliyyəti ilə təsdiqləyir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək sülh müqaviləsinin imzalanması təklifi də yenim körpülərin qurulmasına hədəflənən mühüm addımlar sırasındadır. Bu müqavilənin imzalanması yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev sözügedən forumdakı çıxışında bütün bu məqamları əsaslı şəkildə diqqətə çatdırdı. Bir daha vurğulandı ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər.

Yeganə Əliyeva, «İki sahil»