25 fevral 2025 16:31
348

Dost və qardaş Pakistanla iqtisadi və siyasi əməkdaşlığın yeni mərhələsi başlayır

Fevralın 24- də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə reallaşan səfəri iqtisadi- sosial və hərbi sahələrdə əməkdaşlığın yeni səhifəsini yazmış oldu. Qeyd edək ki, ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və   geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlərdə münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş təhlil edildi, hazırkı dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan və Pakistan liderlərinin mətbuata birgə bəyanatlarında bir daha bu reallıq xüsusi diqqətə çatdırıldı ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Hər iki ölkə arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xüsusilə ən ağır məqamlarda bu ölkələr tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüblər.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: «Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.»  O da qeyd olundu ki, Azərbacan 44 günlük Vətən müharibəsində Pakstanın mənəvi və siyasi dəstəyini hər dəqiqə hiss edib. 

Pakistan lideri  bəyanatında vurğuladı ki, təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır: «Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.»

Hər iki dost ölkə arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan-Pakistan münasibətlərinin bu istiqamətdə davamlı inkişafı üçün geniş imkanlar mövcuddur. İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu kimi qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

İki dost ölkə hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev ötən il Pakistana səfəri çərçivəsində  İslamabadda “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış oldu. Bu tanışlıq  iki ölkə arasında hərbi və texnoloji sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm bir addım kimi dəyərləndirildi. Bu əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır.

İki ölkə arasında son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir.

Bir sözlə, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, yeni imkanlar yaranır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərinin əhəmiyyətini göstərən  mühüm amillərdən biri də imzalanan sənədlər oldu. Belə ki, bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi bazanın mövcudluğu özünü daha aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında, həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd bir daha ölkələrimizin iqtisadi əməkdaşlıqda enerji amilinə verdiyi önəmi təsdiqlədi.   “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə imzalandı.  Sənədlərin say tərkibinə diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritet olduğunu görərik.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri