25 fevral 2025 16:47
288

Azərbaycan və Pakistan hər zaman bir-birini dəstəkləyən dövlətlərdir - Sevil Mikayılova

Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan-Pakistan münasibətləri üst səviyyələrdə, çoxşaxəli və effektiv şəkildə davam etdirilir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana reallaşdırdığı səfər iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək. Tarix boyu dostluq və qardaşlıq prinsiplərinə sadiq qalan Azərbaycan və Pakistan bu gün beynəlxalq münasibətlərdə eyni mövqeyi tutur, bölgədə və dünyada sülhün, sabitliyin qorunması üçün böyük addımlar atır.

“İki sahil” xəbər verir ki,  bunu KİV-ə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Pakistan və Azərbaycan beynəlxalq təsisatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyən dövlətlərdir. 
“Pakistan Qarabağ münaqisəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən azsaylı ölkələrdən biri olub və İkinci Qarabağ müharibəsində də bu dəstək açıq-şəffaf şəkildə ifadə edilib. Eyni zamanda, Azərbaycan da beynəlxalq arenada Pakistanın mühüm maraqlarını nəzərə alır, qardaş ölkənin haqlarını qorumaq istiqamətində siyasi dəstəyini ifadə edir”.

Deputat vurğulayıb ki, Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Biznes Forumu keçirildi. 

“Bu forum iki ölkə arasında tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi məqsədini daşıyır. Ticarət və sərmayə qoyuluşu üçün müsbət addımlar atılmaqla yanaşı, iki ölkə öz biznes icmaları arasındakı əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Baş nazirin səfəri çərçivəsində imzalanan sazişlərin sayı 10-dan artıq oldu. Bu razılaşmalar iki ölkənin iqtisadiyyatı, ticarəti, sərmayə qoyuluşu və energetika sahələrini əhatə edir və strateji tərəfdaşlıq üçün möhkəm bünövrə yaradrır”.

S.Mikayılova əlavə edib ki, Azərbaycan və Pakistan arasındakı əmədakşlıq sahələrindən biri də müdafiə sənayesidir: “Pakistan öz hərbi sənayesini ciddi şəkildə inkişaf etdirmiş ölkələrdəndir və Azərbaycan da bu istiqamətdə qardaş ölkənin imkanlarından aktiv şəkildə istifadə edir. Azərbaycan şəxsi müdafiə sənayesini gücləndirərək, müxtəlif ölkələrə silah-sursat ixrac edən ölkəyə çevrilib. Pakistanla qurulacaq yeni müdafiə sənayesi işbirliyi bu potensialı daha da artıracaq”.

İki ölkə arasındakı sərmayə və energetika tərəfdaşlığından da bəhs edən deputat Sevil Mikayılova vurğulayıb ki, hazırda Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollardan artıq sərmayə qoymağı planlaşdırır: “Sərmayə qoyuluşu çərçivəsində konkret sahələr müyən ediilir və bu istiqamətdə həyata keçiriləcək addımlar hazırda razılaşdırılır. Energetika sahəsində də Pakistan-Azərbaycan tərəfdaşlığı çox ümidvericidir. Pakistan Azərbaycandan maye qaz təminatını artırmaq niyyətindədir və bu istiqamətdə tərəflər real addımlar atır. Azərbaycan və Pakistan arasındakı dostluq, qardaşlıq və tərəfdaşlıq bu səfərin nəticəsində daha da güclənmiş oldu. Həm siyasi, həm iqtisadi, həm də müdafiə sahələrində atılan yeni addımlar iki qardaş dövlət arasında əlaqələri daha da çiçəkləndirəcək”.