26 fevral 2025 01:59
363

ABŞ-Avropa İttifaqı qarşıdurması nələrdən xəbər verir?

Hazırda ABŞ-Avropa İttifaqı (Aİ) qarşıdurması gərginləşməkdədir. Siyasətçilərin fikrincə, bu məsələdə ultra liberal və liberalo-faşist ideologiyası yürüdən Bayden-Blinken administrasiyası məsuliyyət daşıyır. 

Fevralın 16-da Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Avropa liderlərinin iç üzlərini açıb, son zamanlar demokratiyaya, əsl liberalizmə Avropanın “sol-psevdo-liberal” elitasının vurduğu zərərlərdən danışıb. Bununla da bəzi siyasətçilərin dediyi kimi, o, Avropanı əməlli-başlı yıxıb sürüyüb: “Avropa problemlərlə üz-üzədir. Lakin qitə indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və Prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”. Onun sözlərindən belə anlaşılır ki, əsl liberal, demokratik dəyərlər geri qayıtmalıdır. Odur ki, əksər siyasətçilər bu kimi iradları “soyuq duş” kimi xarakterizə etməkdədirlər. Amma etiraf edək ki, Vensin dediklərini rəsmi Bakı illərdir ki, açıq-aydın söyləyir.

Şübhəsiz, Aİ-nin siyasi elitasının davamlı olaraq ikili standartlardan çıxış edərək yalnız korporativ maraqlara xidmət etməsi, bu və ya digər dövlətin daxili işlərinə müdaxiləsi bu qurumun nüfuzuna böyük zərbə vurub. Uzun illər ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalanda, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum ediləndə, həmçinin Qarabağ işğaldan azad olunanda Qərbin Azərbaycana qarşı tutduğu mövqe hər kəsə bəllidir. Bayden administrasiyasının qızışdırdığı Rusiya-Ukrayna müharibəsində Aİ-nin yer almasını, anti-Rusiyaya ovqatına köklənməsini də qeyd etməliyik. Fransa Prezidenti Emmanuel Makron bu addımı hətta qitənin təhlükəsizliyini təmin etmək üçün vacib sayırdı.

Bu kimi səbəblər ucbatından son vaxtlar Qərb mətbuatı ABŞ-ı, həmçinin Prezident Donald Trampı hədəfə alıb. Şübhəsiz, bunun arxasında Aİ-nin dayanması inkarolunmaz faktdır. Hər halda, Ağ Evin yeni sahibi qarşıya qoyduğu hədəfləri reallaşdırmaq niyyətində olduğca ciddi görünür. Bu, həm də o deməkdir ki, Donald Tramp indiyə qədər ABŞ-Aİ ortaq hədəflər sistemini davam etdirməkdə əsla maraqlı görünmür. Bununla da o, “qoca qitə”nin Fransanın diktəsi ilə hərəkət edən Aİ ölkələrinə ABŞ-ın siyasi iradəsini qəbul etdirməyə çalışır. Tramp həm də bildirir ki, əgər Rusiya ilə mübarizə aparmaq istəyirsinizsə, bunu özünüz edəcəksiniz.

“The New York Times” qəzeti yazır ki, ABŞ G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına qarşı çıxıb. Birləşmiş Ştatlar, həmçinin BMT Baş Assambleyasının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə sponsorluğundan imtina edir. “Financial Times” qəzetinin yazdığına görə, Aİ diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar. Halbuki, fevralın 19-da Aİ-nin daimi nümayəndələri ABŞ-ın ziddiyyətli siqnalları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər.

Yeri gəlmişkən, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerikanın dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vens Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması barədə D. Trampın planını təqdim ediblər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Amerika ilə Aİ arasındakı hazırkı qarşıdurma iki səbəblə əlaqədardır: “Birincisi, bu, Rusiya- Ukrayna müharibəsi ilə əlaqədardır. Tramp hesab edir ki, müharibənin yükünü Avropa daşımalıdır.  Burada müəyyən qədər həqiqət var, çünki bu müharibəyə indiyədək Bayden administrasiyası həm siyasi, həm maliyyə dəstəyi göstərib. İndi Tramp deyir ki, Ukraynanın ABŞ-a borcları var və onlar ödənilməlidir. İkinci səbəb iqtisadi münasibətlərlə bağlıdır. Hətta Tramp bildirib ki, Avropa ABŞ-dan qazanır, amma idxal-ixracda balans ölkəsinin zərərinədir. Ona görə də Avropa ölkələrinə qarşı rüsumlar tətbiq edilməlidir. Bu da istər-istəməz onların arasında münasibətləri gərginləşdirir”.

Bir məsələni də qeyd edək ki, bu gün Avropanın Rusiya qarşısında müdafiəsiz qoyduğu, iqtisadiyyatı tamamilə çökən, milyonlarla insanı öz evindən qaçqın düşən Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Şübhəsiz, bu da Ukraynanın Qərbin sayəsində narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş verib. Bu gün ortalıqda qalan isə Ukrayna xalqıdır. Bəli, söz verməsinə baxmayaraq, hazırda Avropa Ukraynanı Rusiya qarşısında müdafiəsiz qoyub. Son günlər Ukrayna üzərindən baş verən proseslər, həmçinn ABŞ Prezidentinin açıqlamaları da bunu bir daha sübut edir.

Həmin ultra-liberal qüvvələr, psevdo demokrat düşərgəsinin siyasətçiləri fondlar vasitəsilə Azərbaycanda da rəngli inqilablar təşkil etmək istəyirdilər. Amma Ukraynadan fərqli Azərbaycanın rəhbərliyi həmin təhdidləri görərək vaxtında onları neytrallaşadırmaq üçün müvafiq addımlar atıb. Bununla da təhlükəni ölkəmizdən uzaqlaşdırıb. Şübhəsiz, Azərbaycan heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi hansısa rəngli inqilablar, siyasi eksperimentlər üçün bir poliqon olsun.

Qvami Məhəbbətoğlu, “İki sahil”