28 fevral 2025 09:54
329

Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir

Dövlət başçısı İlham Əliyev Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatlarında bildirdi ki, səfər  sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür

Azərbaycanın xarici siyasət uğurları hazırda ayrı-ayrı dövlətlərlə  istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan həmişə əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Ölkəmizin çoxtərəfliliyin tərəfdarı kimi tanınması, nüfuz qazanması atdığı real addımlara əsaslanır. Bunun üçün dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində «Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü» sualına cavabını yada salmaq istərdik. Cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik. Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq.  Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq.

Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 ölkəmizin  hansı imkanlara malik olduğunu, nüfuzunu dünyaya təqdim etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki,  namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu,  onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Azərbaycanın əlaqələrin inkişafında etimad mühitini qoruması yeni əməkdaşlıq formatlarının yaradılmasında, həmçinin mövcud olanların coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyinin şahidi oluruq. Təkcə cari ilin ötən iki ayında reallaşan  qarşılıqlı səfərlər, həmçinin dövlət başçısı İlham Əliyevin  iştirak etdiyi tədbirlərin say tərkibi, bu tədbirlər çərçivəsində qarşı tərəflərin təşəbbüsü ilə  ölkə Prezidentinin keçirdiyi görüşlər bunu bir daha sübut edir. Hər bir səfər münasibətlərdə yeni səhifə açmaqla yanaşı, Azərbaycanın tarixi Zəfərdən və suverenliyimizin bərpasından sonra artan nüfuzuna işıq salır.

Fevralın 27-də Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo  ölkəmizdə rəsmi səfərə gəlib.  Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin Umaru Sisoku Embalo ilə təkbətək və geniş tərkibdə görüşləri, prezidentlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə və perspektivlərinə aydınlıq gətirdi.

Qeyd edək ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişaf dinamikasına qısa nəzər salsaq görərik ki, bu dövlətlərlə  Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırıblar. Bu amilləri nəzərə alsaq deyə bilərik ki, qitə ölkələri ilə prioritet sahələrdə əməkdaşlığın davam etdirilməsi bütün tərəflər üçün faydalıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri  Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaru  Sissoku Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Bundan başqa, ötən il dekabrın 2−4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirliklərində, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub. Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Xatırladaq ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmaslar və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı. Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən, kiçikliyindən  asılı olmayaraq, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır. Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özünün əsas meyarları hesab edir. 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycan təşkilatın işində daim fəal iştirak edir. Məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan  2019-cu il oktyabrın 25-26-da Bakı şəhərində Hərəkatın dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə ev sahibliyi etdi. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçdi. 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş etdilər.  Azərbaycan da öz növbəsində bu təklifi qəbul etdi. Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının, inamının növbəti təzahürü,  Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətin göstəricisi idi. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti quruma üzv dövlətlər tərəfindən yüksək dəyərləndirildi.

Ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi COP29-da ali səviyyədə təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirdi.

Ötən il  Konqo Prezidenti Deni Sassu-Nqesso, bu ilin fevralında isə  Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə  qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı.

Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilir.

Prezident İlham Əliyevin və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun mətbuata bəyanatları da Azərbaycan-Afrika ölkələri münasibətlərinə bir daha işıq saldı. «Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik. Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək: «Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.»

Ölkələr arasında əməkdaşlıqda iqtisadi amilin rolu inkaredilməzdir. Prezidentlərin görüşündə də bu sahədə əməkdaşlığın prioritetləri açıqlandı. «Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin» söyləyən cənab İlham Əliyev bildirdi ki, biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq.

İki ölkənin əməkdaşlıq  gündəliyi genişdir.  Ən vacibi isə odur ki, dost, qardaş münasibətlərimiz mövcuddur. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyir və  konkret layihələr icra edirik.  Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.

Bakıda olmaqdan böyük məmnunluq hissi keçirən Qvineya-Bisau Respublikasının Prezidenti  Umaru Sisoku Embalo bildirdi ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Fevralın 28-də  ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün  bu əlaqələri yeniləmək üçün buradayıq: «Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq. Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, amallarımız ümumidir.»

Göründüyü kimi,  hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığında əsas istiqamətlərdən biri “ASAN xidmət” modelinə dair təcrübə mübadiləsidir. Bu modelin tətbiqinə Afrika qitəsi ölkələri böyük maraq göstərdiklərini ifadə ediblər. “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə Anlaşma memorandumları imzalanıb. Uqandada hazırda “ASAN xidmət” modeli əsasında 6 Dövlət Xidmətləri mərkəzi fəaliyyət göstərir. Somali Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlərdən biri də bu sahədə əməkdaşlığa dair olub. Onun Bakıda “ASAN xidmət” mərkəzi ilə tanış olması da təsadüfi deyil. “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində, eyni zamanda, Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə fəal danışıqlar davam etdirilir.  Bu günlərdə ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan layihəsi kimi tanınan «ASAN xidmət»ə verilən önəm özünü aydın şəkildə nümayiş etdirdi.

O da məlumdur ki,  hazırda Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb. Həmçinin Misir şirkətləri ilə əməkdaşlıq istiqamətində işlər görülür. Neft-qaz sahəsində əməkdaşlıq əsasən xam neftin, neft və neft/qaz kimya məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısı üzərində qurulub. SOCAR-ın Afrika regionu üzrə əməkdaşlıqda maraqlı olduğu ölkələr, ilk növbədə, Konqo Respublikası, Keniya, Ekvatorial Qvineya, həmçinin Misir, Əlcəzair, Nigeriya, Mərakeş, Liviya, Tunis, Seneqal və CAR-dır. Afrika qitəsində yerləşən bir çox ölkələr təbii minerallar ilə çox zəngindir. Mədənçilik sahəsində də əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Konqo, Syerra-Leone, Keniya, Niger, Burkina Faso və Mali kimi ölkələrinin müvafiq qurumları ilə görüşlər keçirilib və müzakirələr aparılıb.

Təhsil sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biridir. Statistik rəqəmlərə nəzər salaq. 2023/2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində Afrikanın 35 ölkəsindən 365 nəfər təhsil alıb.  Prezident İlham Əliyevin  2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan Afrika qitəsi ölkələrinin vətəndaşları üçün ölkəmizin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaq imkanı yaradılıb. Somali Prezidentinin ölkəmizə səfəri zamanı da  təhsil sahəsində əməkdaşlığa dair sənəd imzalandı.

Qeyd etdiklərimiz belə bir qənaətə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələrdə əhatələyərək dinamik inkişaf edəcək. Qvineya-Bisau Respublikasının Prezidenti Umaru  Sissoku Embalonun Azərbaycana  səfəri  əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Qarşılıqlı səfərlər əsasında münasibətlərin daha da möhkəmlənlənməsi yeni sahələrdə əməkdaşlığa stimul verir. Azərbaycan hər zaman əməkdaşlğın inkişafında maraqlıdır. Təcrübə mübadiləsinin bölüşdürülməsinə, səylərin birləşdirilməsinə xüsusi maraq göstərir. Hədəflərə birlik, həmrəylik əsasında nail olmaq mümkündür.

Yeganə Əliyeva, «İki sahil»