Təəssüf ki, bütün dünyada itkin düşmüş şəxslərin sayı getdikcə artır. Bunun da əsas səbəbi dünyada münaqişələrin sayının artmasıdır. Bunu Norveçin Sülh və Tədqiqat İnstitutu da təsdiqləyib. 1960-cı ildən bəri biz dünyada münaqişələrin artdığını görürük. Bunun nəticəsində də itkin düşmüş şəxslərin sayı artır. Qlobal istiləşmə və onun nəticələri də itkin düşmüş şəxslərin sayının artımına gətirib çıxarır. Ötən il Bakıda COP29 konfransını keçirib. Bu çox vacib tədbir idi. Ümid edirik ki, növbəti dəfə də biz qlobal istiləşmənin nəticələrini birlikdə müzakirə edəcəyik. Çünki bu məsələ də itkin düşmüş şəxslərin sayının artmasına gətirib çıxarır.
“İki sahil” xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində deyib.
K. Bomberger dövlətlərin itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsuliyyəti qəbul etməli olduğunu qeyd edərək bildirib: "Bu məsələ ilə bağlı ailələlər həqiqəti bilməlidir. Bunlar asan məsələ deyil. Azərbaycan neçə illərdir ki bu istiqamətdə işləyir. Biz görürük ki, irəliləyişlər əldə olunmuşdur. Bu istiqamətdə itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının yaradılması çox gözəl addımdır. ICMP həmişə belə bir qurumun yaradılmasını təklif edir. Azərbaycan eskumasiya üzərində işləyir. Bunu da çox peşəkar şəkildə həyata keçirir. Mən özüm burada arxeologiya və antropologiya bölməsində işlərin aparılmasının canlı şahidi oldum. 3700 itkin düşmüş şəxslə bağlı ailələrdən 11 min nümunə toplanmışdır. Bu yaxşı bir nisbətdir. Hər bir itkin düşmüş şəxslə bağlı 3- 4 referansın olması yaxşı haldır. Eyni zamanda ümid edirik ki, Azərbaycanda olduğumuz müddətdə itkin düşmüş şəxslərin ailələri ilə də görüşə biləcəyik".
K. Bomberger həmçinin itkin düşmüş şəxslərin ailələrinə də aktiv rol verilməsinin vacib olduğunu vurğulayıb. O bildirib ki, DATA sistemlərinin və DNT imkanlarının genişləndirilməsi Azərbaycan üçün çox vacib məsələdir. Eyni zamanda siyasi müstəvidə itkin düşmüş şəxslərlə bağlı Ermənistanla əməkdaşlıq çox vacibdir. Biz regiondakı ölkələrə kömək edirik ki, onlar yerli imkanlarını genişləndirsinlər. Bizim mandatımız hökumətlərin əməkdaşlığına nail olmaqdır. Bu baxımdan regional baza yaratmışıq. Bu baza gələcəkdə itkin düşmüş şəxslərin aşkarlanması ilə bağlı Azərbaycanla Ermənistan arasında model rolunu oynaya bilər. Çünki məhz əməkdaşlıq vasitəsilə bunların hamısı həllini tapacaqdır. İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir. Əminəm ki, Azərbaycan və regiondakı insanlar buna can atırlar”.