17 mart 2025 12:02
99

Dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı

Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi.

Hazırda bu ənənələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılır, əhali ilə bayramlaşır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.Xalqımız bu il Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız builki Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir. Xalqımız bu il Novruz bayramını yüksək əhvali-ruhiyyə, ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edir. Bu tarixi Zəfər sayəsində milli ruhumuzun, mədəni irsimizin təntənəsi olan Novruz da doğma Vətən torpaqlarına qayıdır

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması 

Azərbaycan xalqının tarixi qədim olan bayramlarından biri də Novruz bayramıdır. Bu bayram Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, milli varlığını, folklorunu bütün zənginliyi ilə özündə ifadə edir. Bu bayram təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, həm də yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı milli bayramımız olaraq bütün dünyada geniş təbliğ edilir. Bayram şənliklərində xalqımız birlik – bərabərlik və həmrəylik nümayiş etdirərək həm də milli dəyərlərinə sahib çıxdığını göstərir.

Azərbaycana rəhbərlik etdiyi dövrdən hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm vermiş, bu milli dəyərlərin yaşadılmasının vacibliyini vurğulamışdır. Novruz bayramını xalqımızın dəyərli neməti, dosluq, həmrəylik bayramı adlandıran Ulu öndər bu bayramın əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olduğunu qeyd etmişdir.” Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz”- deyən Ulu öndər həm də hesab edirdi ki, bu bayram Azərbaycan xalqının milli ruhunu, yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ona görə də Novruz bayramı bütün xalqımızı eyni dərəcədə həm sevindirir, həm də birləşdirir.

Novruz bayramının beynəlxalq mühitdə tanıdılması istiqamətində bir çox işlər görülür. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman və yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri alqışalayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 12-də başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qorunma altına alınan mədəni irs nümunələrimiz onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan,Hindistan, İran, Pakistan, Türkiyə, Özbəkistan, Qırğızıstan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO- nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasını 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sahəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə təbrik edən  Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir : “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki,qədim zamanlardan bu bayramda insanlar kim-küdurəti unudur, küsülülər barışır, ziddiyətlər aradan götürülür. Demək, bu dosluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.  

Artıq biz Novruz bayramını cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qalib xalq olaraq qeyd edirik. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən böyük uğurudur.

Novruz bayramı – xalqımızın ən qədim və ənənəvi bayramlarından biri olmaqla, yeni ilin, baharın gəlişinin və təbiətin yenilənməsinin rəmzidir. Tarix boyu müxtəlif mədəniyyətlərdə xüsusi önəm verilən bu bayram, insanları birlik və bərabərlik ruhunda birləşdirərək, xoşbəxtlik və bərəkət dolu günlərin müjdəçisi olmuşdur. Novruz, təkcə təqvimdə yeni bir günün başlanğıcı deyil, eyni zamanda qədim inanclara, milli dəyərlərə və ənənələrə əsaslanan zəngin bir mədəni irsdir.

Novruzun tarixi çox qədim dövrlərə gedib çıxır. Bəzi mənbələr onun 5 min ildən çox yaşı olduğunu göstərir. Tarixi kökləri zərdüştilik və qədim iranlıların, türkdilli xalqların inanclarına əsaslansa da, Novruz təkcə dini və ya etnik bir bayram deyil, mədəniyytlərarası bir dəyər kimi formalaşıb. Novruzun əsas mahiyyəti təbiətin yenilənməsi və insan həyatında yeni mərhələnin başlanğıcıdır.

Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Azərbaycan xalqı üçün Novruz təkcə bir bayram deyil, eyni zamanda milli kimliyimizin, tarixi və mədəni dəyərlərimizin bir hissəsidir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir.Tonqal qalamaq – Bu ənənə insanların mənəvi təmizlənməsini, uğursuzluqlardan qurtulmasını və yeni başlanğıclar üçün güc toplanmasını ifadə edir. Tonqalın alovu həyatın işığını, bərəkəti, birlik ruhunu təcəssüm etdirir. Bu ənənə qədim atəşpərəstlik inanclarından gələn bir adət olduğu üçün milli kimliyi yaşadır.Papaqatdı – Uşaqların evlərə papaq ataraq hədiyyələr alması mehribanlıq, qonaqpərvərlik və paylaşma dəyərini təcəssüm etdirir.Səməni yetişdirmək – Novruz süfrəsinin əsas atributlarından biri olan səməni bolluq və məhsuldarlığın rəmzidir. Səməni baharın gəlişini, torpağın oyanmasını və həyatın yenilənməsini simvolizə edir.Yumurta döyüşdürmək – Bayramın əvəzolunmaz əyləncələrindən biri olan yumurta döyüşdürmək güc, uğur və davamlılığın simvoludur. Kiminsə yumurtası sınmazsa, bu, həmin insanın daha güclü, uğurlu olacağına işarə kimi qəbul edilir. Yumurtanın boyanması və bəzədilməsi xalq sənətinin bir hissəsidir.Xonça bəzədilməsi -  Novruz bayramının ən gözəl və qədim ənənələrindən biridir. Xonçaya düzülən hər bir detal Novruzun mahiyyətini və xalqımızın inanc və arzularını özündə əks etdirir.

Novruz, ailə və qohumluq bağlarını möhkəmləndirən bir bayramdır. İnsanlar böyüklərini ziyarət edir, mehribanlıq və qarşılıqlı hörmət nümayiş etdirirlər.

Novruz bayramında evlərin təmizlənməsi, paltarların yenilənməsi mənəvi paklığın da göstəricisidir. İnsanlar köhnə inciklikləri unudur, yeni ili saf niyyətlə, təmiz qəlblə qarşılayırlar. İnsanlar yeni ili təmiz niyyətlə qarşılamaq üçün daxili rahatlıq tapmağa çalışırlar. Bu, mənəvi dəyərlərin qorunması və insan münasibətlərinin saflaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Novruz bayramında milli dəyərləri və ənənələri özündə birləşdirən Kosa və Keçəl obrazları  xüsusi rol oynayır.  Onlar təkcə əyləncə obrazları deyil, həm də xalqın dünya görüşünü, arzu və inanclarını ifadə edən dərin məna daşıyan simvollardır. Novruz şənliklərində səhnələşdirilən Kosa və Keçəl tamaşaları xalq arasında geniş yayılmışdır. Kosa var-dövlət və bolluq arzusunu ifadə edən bir fiqurdur, Keçəl isə kasıb, amma ağıllı və hiyləgər bir obrazdır. Bu iki obraz xalq mədəniyyətinin dərin mənalarını əks etdirir. Keçəl yoxsulluğa baxmayaraq ümidlidir, Kosa isə bolluğun və bərəkətin rəmzi kimi çıxış edir. Bu, insanlara birlik, ümid və yenilənmə mesajı verir və Novruzun ruhunu daha da möhkəmləndirir.Novruz bayramının digər əsas personajı olan Bahar qızı Azərbaycanın qədim ənənlərini yaşadır. Milli geyim və atributlar vasitəsilə xalqın mədəni irsini nümayiş etdirir.Bu ənənələrin gələcək nəsillərə çatdırılması isə cəmiyyətin və hər bir fərdin üzərinə düşən mühüm vəzifələrdən biridir. Uşaqlara Novruzun mahiyyətini öyrətmək, qədim adət-ənənələri qoruyaraq onlara bu bayramın dəyərini aşılamaq, milli mədəniyyətimizin davamlılığını təmin edəcəkdir. Bunun üçün ailələrdə,  məktəblərdə və təhsil müəssisələrində Novruzun mahiyyəti haqqında uşaqlara  məlumat verilməli, Beynəlxalq festivallar və mədəni tədbirlər vasitəsilə Novruzun dünyada tanınması təşviq edilməlidir. Sosial mediada və televiziya kanallarında Novruz ənənələri barədə proqramlar yayımlanmalıdır.

Beləliklə, Novruz bayramı həm insanlığın ümumi dəyərlərini – sülhü, sevgini, təbiətlə harmoniyanı ifadə edir, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin qorunmasına töhfə verir. Bu, onun həm bəşəri, həm də milli mahiyyətini təsdiq edən ən gözəl nümunələrdən biridir

Vüsalə Həsənova,
Xətai rayonu, 55 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi