Novruz bayramı bir çox xalqların ən qədim və ənənəvi bayramlardan biri olmaqla,yeni ilin,baharın gəlişinin və təbiətin yenilənməsinin rəmzidir.Novruz eyni zamanda qədim inaclara,milli dəyərlərə və ənənələrə əsaslanan zəngin bir mədəni irsdir.Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Azərbaycan xalqı üçün Novruz təkcə bir bayram deyil, eyni zamanda milli kimliyimizin, tarixi və mədəni dəyərlərimizin bir hissəsidir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir . Novruz bayramı insanları bir araya gətirir, ailə üzvlərini, dostları və qonşuları bir-birinə yaxınlaşdırır. Bayram öncəsi insanlar küsülüləri barışdırır, bir-birinə baş çəkir və mehribanlıq nümayiş etdirir. Bu, cəmiyyət daxilində dostluq və sülh mühitinin möhkəmlənməsinə kömək edir
Son illər Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində qeyd edilir. Prezident İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində bayram tonqalı qalamışdır. Azadlığa qovuşan tarixi torpağımızda Novruz bayramı böyük ruh yüksəkliyi ilə qeyd edilir.
20 mart 1998-ci ildə köçkünlər üçün keçirilən Novruz şənliyində Ümumimilli lider Heydər Əliyev bu haqda qeyd etmişdir:” Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında,o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.”
Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə həm Ulu Öndərin vəsiyyətini yerinə yetirdi,həm də bir həsrətə son qoydu, azərbaycan xalqının arzularını,istəklərini reallaşdırdı. Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev qətiyyəti,şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi toraqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövləti tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
18 mart 2024 cü ildə Xankəndi şəhərində Novruz bayramında çıxış edən Prezident İlham Əliyev demişdir ki, antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişdir. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu proses davam edəcək. Ölkə başçısı qeyd etdi ki,İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Uğurlu keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Cənab Prezident bildirmişdir ki,Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmlənmiş, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişdirlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaranmışdır. Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunmuşdur və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyev qürurla bildirmişdir ki,elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik.
2025-ci il Novruzun gəlişinə saatlar qalıb. Yeni Novruzu Azərbaycan həm beynəlxalq , həm ölkədaxilindəki nailiyyətlərlə qarşılayır.Keçən il ərzində dövlətimiz çox böyük uğurlara imza atmışdı,beynəlxalq konfransları yüksək səviyyədə keçirmişdir. Ölkəmizdə,xususən Qarabağda quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni hədəflərə,yeni strateji nailiyyətlərə və zirvələrə doğru inamla irəliləyir.
Elnarə Rüstəmova,
55 nömrəli tam orta məktəbin Tarix müəllimi