17 mart 2025 12:18
86

Xalqımıza qarşı törədilmiş qanlı faciə

 Bu gün dünyaya özünü “məzlum” kimi təqdim edən ermənilər bununla əsl simalarını gizlətməyə çalışır, həqiqətlərə fərqli yozum verərək öz qəddarlıqlarını qarşı tərəfə aid edirlər. Ermənilər hər zaman havadarlar axtararaq onlara arxalanmış, azərbaycanlılara qarşı vəhşiliklər, dəhşətli qətllər törədərək cəzasız qalmışlar. Tarixə nəzər saldıqda görünür ki, Xocalı soyqırımı günahsız insanlara qarşı ermənilərin törətdiyi ilk qətliyam deyildir. Havadarları sayəsində vəhşiliklərinin cəzasını almayan bu quldur kütlə hələ ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində heç kimə rəhm etmədən amansız qırğınlar törətmişlər.    

1918-ci il 30 mart və 3 aprel günləri tarixdə erməni vəhşiliklərilə yadda qalmışdır. Quduz ermənilər Bakı şəhərinin özündə və quberniyanın müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər.

 Ulu Öndər  Heydər Əliyev 26 mart 1998-ci il tarixində 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Sərəncamda yazılmışdır: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır.

  Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

    Hər zaman erməni xislətinin mənfurluğu ağlasığmaz “özəlliyi” ilə müşahidə olunmuşdur. Onlar azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, öldürdükləri insanların sayını, qətllərin üsulunu “qürurverici” hal kimi qələmə almış, kitablarda özləri yazmışlar. İşgəncələr, kütləvi məzarlıqlar həmin dəhşətlərin acı reallığı idi. Qırğınların nəticəsini konkret fakt göstərmədən “qisasları”, “amallarına çatma” kimi qiymətləndirirdilər. Qoca, uşaq, qadın demədən, günahsız insanların qətli cəzasız qaldıqca bu quduzluq vaxtdan-vaxta özünü büruzə vermişdir. 1918-ci il soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Xocalı dəhşətləri erməni vəhşiliyinin cəzasızlığının növbəti nəticəsi idi. Bu qırğın zamanı isə 63 uşağın, 106 qadının, 70 yaşlı insanın qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürülməsi, 150 nəfərin itkin düşməsi dəhşətilə iz qoydu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci ildə  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı  Sərəncamda yazılmışdır: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir”.

 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Hər zaman beynəlxalq danışıqlar, məsələnin hüquqi yolla həlli tərəfdarı olan Azərbaycan məsələnin həllində heç bir irəliləyiş görmədikdə öz gücünü, dəyanətini, vətənpərvərliyini 44 günlük Vətən Müharibəsində dünyaya göstərdi. Havadarların himayəsində özünü “aslan” sayan ermənilər qorxaqlığı ilə Müzəffər Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi. Azğın ermənilər anladılar ki, artıq onların qarşısında peşəkar ordusu olmayan, silah təminatı zəif olan dinc sakinlər yoxdur. Vəhşi ermənilərlə mübarizəyə, torpaqlarımızı düşmən tapdağından təmizləməyə müasir silahlarla silahlanmış Müzəffər Azərbaycan Ordusu vardır.

 Azərbaycan Dövləti öz haqq işində beynəlxalq hüquqi müstəvidə Ermənistanın işğalçı dövlət olduğunu sübuta yetirmiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri vəhşiliklərə görə cəzalandırılması istiqamətində də işlərini davam etdirir. 

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri