Novruz milli-mənəvi dəyərlərə malik olan, tarixi yaddaşı yaşadan və cəmiyyəti birləşdirən unikal bayramdır. Bu bayram əsrlər boyu formalaşaraq xalqın həyat tərzinə inteqrasiya olunmuş və milli şüurun ayrılmaz hissəsinə çevrilmişdir. Novruz həm də humanizm, bərabərlik və mənəvi dəyərlərin qorunması baxımından bəşəriyyətin ortaq mirasıdır.
Ulu Öndər Heydər Əliyev bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Novruz bayramı cəmiyyətin fərqli təbəqələrini birləşdirən sosial körpü funksiyası daşıyır. Bu bayram sosial bərabərlik prinsipinin ən gözəl nümunəsidir. Sosial qütbləşmənin artdığı müasir dövrdə bu cür mərasimlər cəmiyyətin birliyinin qorunması baxımından mühüm önəmlidir. Novruz həm də insanların daxili dünyasına yönələn və onu saflaşdırmağa yönəlmiş mənəvi məzmun daşıyır, xalqın qədim adət-ənənələrini yaşadan mənəvi dəyərlərin təcəssümüdür.
Novruz qədim dövrlərdən gələn fəlsəfi düşüncəni və həyat fəlsəfəsini ehtiva edir. Su, od, hava və torpaq ünsürləri sadəcə təbiətə aid elementlər deyil, həm də insan həyatının müxtəlif dövrlərini və xarakter tipologiyasını simvolizə edir. Bu simvolların Novruzda yaşadılması qədim dünyagörüşünün bu gün də yaşadığını və onun yeni nəsillərə ötürüldüyünü sübut edir. Həmçinin, Novruz bayramı xalqın tarixi yaddaşını yaşadan bir mədəni institutdur. Bayram vasitəsilə nəsillərarası bağlılıq təmin olunur, milli kimlik qorunur və gələcək nəsillər üçün keçmişin dəyərləri aktuallaşdırılır. Əsrlərdir yaşadılan bu ənənələr həm milli ruhun, həm də mədəni kimliyin formalaşmasında mühüm rol oynayır.
Müasir dövrdə Novruz bayramı yalnız qədim adət-ənənələrin qorunması ilə məhdudlaşmır. Eyni zamanda, bu bayram cəmiyyətin birliyi baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsallaşan dünyada fərdiləşmə və izolasiya meylləri artdıqca, Novruz kimi bayramlar insanların bir-biri ilə ünsiyyətini gücləndirir, cəmiyyətin bütövlüyünü daha da möhkəmləndirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Novruz tonqalları işğaldan azad edilmiş doğma torpaqlarımızda qalanır. Bu illər ərzində dövlət başçısının iştirakı ilə Novruz bayramı yüksək təntənə ilə 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə qeyd olunub. Bu mərasimlər təkcə milli-mənəvi dəyərlərimizin təntənəsi deyil, həm də bərpa olunmuş torpaqlarımızda həyatın dirçəlməsinin, əzəli yurd yerlərimizə qayıdışın simvoluna çevrilib. Digər tərəfdən, Novruz bayramı ərəfəsində dövlət başçısının imzaladığı əfv sərəncamları da humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Hər il yüzlərlə ailənin sevincinə səbəb olan bu qərarlar cəmiyyətə sosial həmrəylik və insanpərvərlik çağırışıdır.
Novruz bayramı müxtəlif ölkələrdə yaşayan xalqlar arasında ortaq mədəni dəyər kimi qəbul olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruzun qlobal miqyaslı bayram kimi qeyd olunması onu beynəlxalq humanitar dəyərə çevirir. Bu isə xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rola malikdir.
Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz bayramının tarixi, mənəvi aspektlərinin öyrədilməsi gənc nəslin milli-mədəni identikliyinin formalaşmasına töhfə verir. Bu cür tədbirlər həm də vətəndaş tərbiyəsinin vacib komponentlərindən biridir. Mənəvi dəyərlərə hörmət, birlik və sosial məsuliyyət hissi cəmiyyətdə daha da möhkəmlənir.
Dərin tarixi köklərə malik olan Novruz bayramı təkcə təbiətin yenilənməsi deyil, cəmiyyətin birliyinin möhkəmlənməsi və tarixi dəyərlərin yaşadılmasıdır. Novruz dünəni bu günə bağlayan mənəvi körpü, insanlara sabaha ümid, birliyə çağırış və mənəvi kamilliyə yol göstərən bir mədəni irsdir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı