17 mart 2025 12:42
82

Tarixi ənənələrlə milli dəyərlərin vəhdəti

Novruz bayramı dərin tarixi köklərə malik olmaqla yanaşı, hər il xalqın mənəvi yaddaşında milli kimliyin möhkəmləndirilməsinə xidmət edən əlamətdar hadisə kimi təzahür edir. Bu bayram sadəcə bir mövsüm keçidi və yazın gəlişinin təntənəsi deyil, həm də minilliklər boyu formalaşmış mənəvi dəyərlərin təcəssümüdür, milli özünüdərkin, tarixi yaddaşın və ümumbəşəri dəyərlərə sadiqliyin harmonik sintezidir.

Bu bayram əsrlər boyu xalqın milli-mədəni özünəməxsusluğunu qoruyub saxlayan əsas vasitələrdən biri olmuşdur. Novruz insanlar arasında həmrəyliyin, mərhəmətin, qarşılıqlı anlaşmanın təşviq edildiyi bir zaman kəsiyidir. Ailə və cəmiyyət institutlarını gücləndirən Novruz mərasimləri kollektiv şüurun formalaşmasına müsbət təsir göstərir.

Ulu Öndər Heydər Əliyev bu bayramı “xalqımızın milli sərvəti” adlandıraraq onu ictimai və mənəvi həyatın ayrılmaz tərkib hissəsi kimi dəyərləndirmişdir. Novruzun bu yanaşma ilə təbliğ olunması onun sadəcə folklor deyil, həm də mühüm mənəvi-sosial resurs olduğunu göstərir.

Novruz bayramı nəsildən-nəslə ötürülən dəyərlər sistemi vasitəsilə həm kollektiv yaddaşın, həm də mədəni kimliyin qorunmasında mühüm rol oynayır, cəmiyyətdə humanist münasibətlərin, sosial məsuliyyətin və mədəni özünüdərkin formalaşmasına ciddi təsir göstərir.

Mühüm məqamlardan biri Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının məhz bayram ərəfəsində imzalanmasıdır. Bu, önəmli rəmzi məna kəsb etməklə yanaşı, humanizm və mərhəmət kimi ali dəyərlərin dövlət siyasətində təzahür formasıdır. Bayramla əlaqəli sosial aksiyalar, xeyriyyə tədbirləri, ekoloji kampaniyalar cəmiyyətin inteqrasiyasına və vətəndaş fəallığının artmasına xidmət edir.

Son illərdə dövlət başçısının iştirakı ilə Novruz bayramının işğaldan azad olunmuş ərazilərdə qeyd olunması bayramın siyasi və ideoloji mənasını dərinləşdirmişdir. Belə ki, 2021-ci ildə Şuşa şəhərində, 2022-ci ildə Suqovuşan qəsəbəsində, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində təşkil olunan bayram tədbirləri milli qürurun və ərazi bütövlüyünün simvoluna çevrilmişdir. Bu tədbirlər yalnız bayram xarakteri daşımır, onlar həm də bərpa və quruculuq proseslərinin, sosial reinteqrasiyanın rəmzidir. Bayram vasitəsilə ictimai şüurda yenidənqurma və dirçəliş motivləri gücləndirilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildən BMT tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” kimi elan olunması bu bayramın universal dəyər daşıdığını təsdiqləyir. Novruz artıq yalnız milli-mədəni bayram deyil, həm də beynəlxalq miqyasda mədəni diplomatiya vasitəsidir. Bu fakt mədəni irsimizin qlobal səviyyədə tanıdılması və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi baxımından mühüm əhəmiyyətə malikdir. Novruz vasitəsilə tolerantlıq, qarşılıqlı hörmət və multikulturalizmin ideyaları dünya ictimaiyyətinə çatdırılır.

Novruz bayramı milli kimliyin qorunmasında, ictimai həmrəyliyin möhkəmləndirilməsində və bəşəri dəyərlərin təbliğində mühüm yer tutur. Bu baxımdan, Novruz milli ruhun və gələcəyə inamın ifadəsidir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı