17 mart 2025 13:07
82

Laçına ilk ekotur təşkil olunub

Füsunkar təbiəti və unikal relyefi ilə seçilən Laçın rayonu ekoturizm üçün geniş potensiala malikdir. Bu potensialı daha geniş tanıtmaq, Laçının turizm imkanlarını inkişaf etdirmək və yerli gənclər arasında təbiətə sevgi aşılamaq məqsədilə “Laçın Abadlıq Xidməti” ASC-nin təşkilatçılığı ilə ekoturlara start verilib.

“İki sahil” xəbər verir ki, ekoturun ilk ünvanı Sarıbaba yüksəkliyinin Laçın rayonu inzibati dairəsini əhatə edən yamacındakı məkan olub.

ASC-nin icraçı direktoru Elnur Abdullayev bildirib ki, ekoturun keçirilməsində məqsəd Laçının əsrarəngiz təbiətini tanıtmaq, ekoturizm potensialını üzə çıxarmaq və regionun turizm infrastrukturunu inkişaf etdirməkdir. Həmçinin bu kimi tədbirlər nəticəsində ekoturizmin yerli icmalar üçün alternativ iqtisadi gəlir mənbəyinə çevrilməsi də hədəflənir. “Laçın ərazisində mənzərəli yerlər çoxdur. İlk ekotur Sarıbaba dağının ətəyindəki əraziyə təşkil edilib. Ekoturun keçirildiyi ərazidən hündürlüyü dəniz səviyyəsindən 2297 metr olan Sarıbaba yüksəkliyi aydın görünür. Həmin yüksəklik adını ərazidə yerləşən pirdən alır. Sarıbaba yüksəkliyinin bir tərəfi Laçın, digər tərəfi isə Şuşa rayonunun inzibati dairəsini əhatə edir”, - deyə o vurğulayıb.

İlk ekoturun açılış mərasiminə “Laçın Abadlıq Xidməti” ASC-nin rəhbər və işçi heyəti, yerli sakinlər, ekoturizm həvəskarları və müxtəlif qurumların nümayəndələri qatılıblar.

Ekotur zamanı iştirakçılar Laçının bənzərsiz təbiəti ilə tanış olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi əks etdirən qədim oyunların nümayişini izləyib, ətraf mühitin qorunması üçün “Təmiz təbiət” aksiyasında iştirak ediblər.

Tədbirin təhlükəsizliyi ANAMA və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təmin olunub. Ekotur iştirakçılarına ərazinin minalardan təmizləndiyi və tam təhlükəsiz olduğu barədə məlumat verilib.