18 mart 2025 15:11
110

Milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi strateji əhəmiyyətli məsələdir

Novruz bayramı əsrlər boyu xalqın sülh, birlik və həmrəylik ruhunu yaşadan milli-mədəni irs nümunəsidir. Tarixən bir çox xalqlar bu bayramı öz adət-ənənələrinə uyğun şəkildə qeyd etsələr də, onun əsas mahiyyəti dəyişməz qalıb. Bu, təbiətin oyanışı, yeni həyatın başlanğıcı deməkdir.

Novruzun əsas fəlsəfəsi təbiət və insanlar arasında harmoniyanın bərpasına əsaslanır. Bu bayram xalqın öz kimliyini və mədəni irsinin qorunmasına xidmət edən bir rəmzə çevrilib. Orta əsr mənbələrində Novruzun təntənəli surətdə qeyd edilməsi, eləcə də Şərq alimlərinin bu bayramın elmi və fəlsəfi əsasları haqqında yazılar öz əksini tapıb.

Su, Od, Yel və Torpaq çərşənbələri Novruzun ən mühüm mərhələlərindən biridir. Bu çərşənbələr xalqın qədim inancları ilə bağlıdır və onların hər biri təbiətin bir ünsürünün oyanmasını ifadə edir. Novruz bayramı beynəlxalq səviyyədə tanınaraq təkcə milli bayram kimi yox, həm də ümumbəşəri mədəni irsin bir hissəsi kimi qəbul edilir.

Ulu Öndər Heydər Əliyev bütün varlığı, qəlbi ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Dahi Liderin qəlbində yazın gəlişilə təbiətin oyanışı, insanlar arasında birlik və bərabərlik, həmçinin həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. Ümummilli Lider 22 mart 2003-ci il tarixində xalqa ünvanladığı təbrikində qeyd etmişdir: “Novruz bayramı Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Keçmişdə bu bayramı daim qeyd edirdik. Ancaq öz evimizdə, öz ailəmizdə. İndi isə bu, həqiqi ümumxalq bayramına çevrilibdir...”.

Novruz tarixi baxımdan dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin bayram təbriklərində Novruzun milli birlik və dövlətçiliyin rəmzinə çevrildiyi xüsusi vurğulanıb. Dövlət başçısının bayram tonqallarını azad edilmiş torpaqlarda – Şuşa, Suqovuşan, Talış və Xankəndidə yandırması Novruzun dövlətçilik ənənələri ilə vəhdət təşkil etdiyini nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan olunmuşdur. Bu, Novruzun bütün bəşəriyyət üçün dəyərli bir mədəniyyət nümunəsi olduğunu təsdiqləyən faktlardandır. Novruz bayramının UNESCO və BMT tərəfindən tanınması Mehriban xanım Əliyevanın beynəlxalq sülh və multikultural dəyərlərə verdiyi töhfənin bir sübutudur.

Müasir dövrdə Novruz bayramı milli həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm platformaya çevrilmişdir. Xalqımız yaxın günlərdə Azərbaycanın hər yerində, hər bir guşəsində Novruzu böyük ruh yüksəkliyi ilə qeyd edəcək, bundan sonra da öz adət-ənənələrini daim uca tutacaq, onları qoruyacaq və inkişaf etdirəcəkdir. Bu bayram həm də ekoloji dəyərlərin qorunmasını təbliğ edən bir vasitədir. Müxtəlif ekoloji aksiyalar, yaşıllaşdırma kampaniyaları və təbiətin mühafizəsinə dair tədbirlər məhz Novruz çərçivəsində həyata keçirilir. “Yaşıl dünya naminə həmrəylik” ideyası Novruzun ekoloji dəyərlərə nə qədər uyğun olduğunu sübut edir.

Bu bayramın ən mühüm xüsusiyyətlərindən biri onun sülh və dostluq mesajı daşımasıdır. Tarixən Novruz təkcə bir xalqın yox, müxtəlif millətlərin birlik içində bayram etdiyi bir mədəniyyət hadisəsi olub. Beynəlxalq miqyasda Novruz müxtəlif xalqların ortaq dəyəri kimi qəbul edilir. Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqaz xalqları bu bayramı öz mədəniyyətlərinin ayrılmaz hissəsi kimi qeyd edirlər.

Novruz bayramı əsrlər boyu xalqın mənəvi dünyasının ayrılmaz hissəsi olub və bu gün də öz aktuallığını qoruyur. Bu bayram milli birlik və həmrəyliyin, sülh və tolerantlığın rəmzidir. Müasir dövrdə Novruz həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün mühüm vasitədir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı