18 mart 2025 16:10
98

Geopolitik çağırışlar və milli maraqlar: Azərbaycan nümunəsi mütərəqqi model kimi

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik və regional problemlərə dair dərin analiz təqdim olunub. Müsahibədə XII Qlobal Bakı Forumunun rolu, dünya nizamının dəyişməsi, Cənubi Qafqazın təhlükəsizliyi və Azərbaycanın milli maraqları kimi məsələlər geniş şəkildə müzakirə olunub.

XII Qlobal Bakı Forumunda iştirakçılar ənənəvi olaraq gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər. Forumda 50-dən çox ölkədən sabiq və fəaliyyətdə olan dövlət başçıları iştirak edib. Bu şəxslərin böyük təcrübəsi və bilikləri Forumun müzakirələrinə əvəzolunmaz töhfə verib.

Forumun əsas üstünlüyü burada müxtəlif fikirlərin səsləndirilməsidir. Bu müxtəliflik müzakirələri daha məhsuldar edib və yeni ideyaların yaranmasına şərait yaradıb. Dövlətimizin başçısı bildirib ki, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Bu, Azərbaycanın qlobal diplomatik arenada artan nüfuzunu əks etdirir.

Prezident İlham Əliyevin müsahibəsində ən diqqət çəkən məqamlardan biri dünya nizamının dəyişməsi ilə bağlı müşahidələridir. Dövlət başçısı qeyd edib ki, bildiyimiz dünya nizamı artıq mövcud deyil: “Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”.

Hər bir ölkə öz daxili imkanlarına və resurslarına güvənməlidir, beynəlxalq hüququn selektiv tətbiqi və beynəlxalq təşkilatların zəifliyi nəzərə alınaraq, dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün daha müstəqil strategiyalar qurmalıdır. Azərbaycanın bu sahədə böyük təcrübəsi var, dövlətimiz ərazi bütövlüyünü və suverenliyini öz qüvvəsi ilə bərpa etmişdir.

Prezident İlham Əliyev beynəlxalq təşkilatların hazırkı vəziyyətini də dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Bu səbəbdən ölkələr ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verməlidir.

Cənubi Qafqaz regionunun təhlükəsizliyi məsələsi Azərbaycan Prezidentinin müsahibəsində mühüm yer tutur. Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqaz onilliklər boyu qarşıdurma və düşmənçilik bölgəsi olub: “Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Qarabağ münaqişəsinin həll yolu bütün dünya tərəfindən qəbul edilmişdir. Tarixi zəfərlər dövlətimizin diplomatik uğurunu və regionda sabitliyin təmin edilməsi istiqamətində atılan addımlardır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təcrübəsi uğurlu olmuşdur: “Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə dövlətimizin müstəqil xarici siyasətini, milli maraqları qorumaq istəyini və regionda sabitliyin təmin edilməsi üçün səylərini əks etdirir. Müsahibədə vurğulanan əsas məqamlar müasir dövrdə qlobal siyasətin ən aktual məsələləridir, bu mövzularda irəli sürülən fikirlər Azərbaycanın qlobal arenada artan rolu və təsirini bir daha təsdiq edir.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı