18 mart 2025 16:18
100

Azərbaycan sülh və təhlükəsizlik tərəfdarıdır

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin təlatümlər və qeyri-müəyyənliklər fonunda dövlət liderlərinin mövqeləri və yanaşmaları xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bu baxımdan regional və qlobal proseslərə dair mühüm fikirlər və strateji istiqamətlər ehtiva edir. Bu müsahibə həm regional sabitliyin təminatında yeni konseptual yanaşmaların vacibliyini, həm də beynəlxalq müstəvidə formalaşan yeni güc balanslarının düzgün dəyərləndirilməsini ön plana çıxarır.

XII Qlobal Bakı Forumu ideyaların mübadiləsi, perspektivlərin formalaşdırılması və qlobal çağırışlara cavab yollarının axtarış platforması kimi diqqət çəkir. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının Bakı Forumunda iştirakı müzakirələrin daha dərin və məzmunlu şəkildə aparılmasına imkan yaradır.

Azərbaycan Prezidenti bildirib ki, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Forumda səslənən müxtəlif fikirlər və fərqli baxış bucaqları intellektual inkişafın və yeni yanaşma modellərinin formalaşmasının təməlini təşkil edir.

Cənab İlham Əliyevin müsahibəsində əsas məqamlardan biri ondan ibarətdir ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Qlobal nizama dair ortaq təsəvvürlər parçalanmaqdadır. Hazırda yeni qaydaların formalaşma mərhələsidir, lakin bu qaydaların konturları hələ də qeyri-müəyyəndir. Bu vəziyyətdə hər bir dövlətin əsas vəzifəsi özünün daxili imkanlarını maksimum səfərbər etmək, strateji müstəqilliyini möhkəmləndirməkdir. Bu yanaşma real siyasətin çağdaş tendensiyaları - daxili dayanıqlığa əsaslanan inkişaf modeli, xarici təsirlərə qarşı davamlılıq və iqtisadi-siyasi suverenliklə uzlaşır.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Bu, sadəcə nəzəri məsələ deyil, son onilliklərdə reallıqda öz təsdiqini tapmış faktordur. Azərbaycan bu təcrübəni yaşayaraq, öz gələcəyini xarici dəstəkdən deyil, daxili resurslardan qurmağa üstünlük vermişdir.

Digər tərəfdən, beynəlxalq təşkilatların iflic vəziyyətə düşməsi və ya zəif mövqe nümayiş etdirməsi artıq müşahidə olunan reallıqdır. Bu səbəbdən də ölkələr çox tərəfli strukturların əvəzinə ikitərəfli və praktik tərəfdaşlıqlara üstünlük verməyə başlayıblar. Bu, yeni beynəlxalq diplomatiyanın əsas cizgilərindən biridir.

Müsahibədə Cənubi Qafqazla bağlı toxunulan məsələlər geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub, hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik: “Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Müsahibənin əsas strateji xəttini təşkil edən digər bir fikir isə milli maraqların müdafiəsində tam suveren və müstəqil kursun vacibliyidir. Azərbaycan Prezidenti qeyd edib ki, əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Bu, yalnız siyasət deyil, praktiki nəticələrlə əsaslandırılmış yanaşmadır – ərazi bütövlüyünün bərpası və suverenliyə əsaslanan inkişaf modeli artıq tətbiq olunmuş və uğurla nəticələnmiş təcrübədir.

Ermənistanla hələ də sülh sazişinin imzalanmaması regionda davamlı sabitliyin təmin olunmasına maneə yaradır. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün münaqişəli regionlar üçün aktual mesajdır. Yalnız siyasi sənədlə təsbit olunan sülh daimi sabitliyi təmin edə bilər.

Cənab İlham Əliyev, həmçinin müsahibəsində bildirib ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, həm daxili strateji uğur, həm də beynəlxalq səviyyədə model kimi təqdim edilə biləcək bir nəticədir. Tarixi zəfərlər yalnız hərbi deyil, həm də siyasi və hüquqi baxımdan bütövlükdə həyata keçirilmiş bir milli strategiyanın nəticəsidir.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı