18 mart 2025 17:08
113

Novruz bayramının milli dövlətçilik ənənələrimizdə müstəsna yeri və rolu var

Novruz xalqımızın ən əhəmiyyətli dəyərləri sırasında xüsusi yer tutur. Tarixin çətin sınaqları qarşısında öz milli kimliyimizi qoruyub saxlamağımızda, həyata, dünyaya, insanlara münasibətimizin formalaşmasında Novruzun təlqin etdiyi həqiqətlərin müstəsna əhəmiyyəti var. Novruz milli kimlik nişanəmizdir. O, Azərbaycan xalqı olaraq bizim nə qədər sağlam təfəkkürə, mənəvi-əxlaqi baxışlara malik olduğumuzu, tarixin bütün dövrlərində yeniliklərə, inkişafa açıqlığımızı, keçmişimizi, bu günümüzü və gələcəyimizi göstərir. Bu mənada Novruz sadəcə bir el bayramı deyil, minilliklər ərzində cilalanmış, ulularımızın düşüncələrindən, dünyagörüşündən gələn, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir. Novruz bayramının milli dövlətçilik ənənələrimizdə də müstəsna yeri və rolu var.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Otuz ilə yaxın müddətdə hər Novruz bayramında Azərbaycan xalqının böyük arzusu, diləyi işğal altında olan torpaqlarımızın əsarətdən azad edilməsi idi. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Artıq beş ildir ki, biz bu qədim və tarixi bayramımızı böyük ruh yüksəkliyi, sevinclə keçiririk. Çünki Qarabağ və Şərqi Zəngəzur azaddır. Prezident İlham Əliyev dörd il bundan əvvəl Şuşada Cıdır düzündə xalq müraciətində də deyirdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Bundan sonra bu torpaqlarda ancaq bayramlar keçiriləcək.

Anar Məmmədov,

Milli Məclisin deputatı