18 mart 2025 16:47
119

Novruz bayramı: Azərbaycan mədəniyyətinin və bəşəri dəyərlərin təcəssümü

Novruz bayramı əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, mədəniyyətini və təbiətlə harmoniyasını əks etdirən ən əziz bayramlardan biri olmuşdur. Baharın gəlişini, təbiətin oyanışını və yeni başlanğıcları simvolizə edən bu bayram təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında coşqu ilə qeyd olunur. Novruzun qədim tarixi, onunla bağlı adət-ənənələr və bayramın beynəlxalq səviyyədə tanınması, milli kimliyimizin və mədəni irsimizin dünya miqyasında dəyər qazanmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək və Azərbaycan xalqının arzusunu reallaşdıraraq, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Artıq işğaldan azad olunmuş torpaqlarımızda  xalqımız Novruz bayramını qeyd edir, 30 ildən sonra doğma torpaqlarımızda bayram abu- havası yenidən yaşanır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Abu-Dabidə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan və İranın birgə təqdim etdiyi nominasiya qəbul olunmuşdur. Bu, Novruzun qədim və universal dəyərlərini beynəlxalq miqyasda təsdiqləyən mühüm addım olmuşdur.

 İslamdan öncəki dövrlərdən bəri mövcud olan Novruz bayramının ümumbəşəri dəyər kimi tanınmasının göstəricilərindən biri də BMT Baş Assambleyasının 64-cü sessiyasının qərarı ilə 23 fevral 2010-cu ildə 21 martın rəsmi olaraq “Beynəlxalq Novruz Günü” elan edilməsidir. 2016-cı ildə UNESCO-nun Əddis-Əbəbədə keçirilən 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz nominasiyasına qoşulmuşdur. Bu, bayramın coğrafi sərhədləri aşaraq müxtəlif xalqları bir araya gətirən mədəni dəyər olduğunu sübut edir.

2007-ci ildə Novruz bayramı ərəfəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək” kampaniyası ölkə üzrə geniş miqyasda həyata keçirildi. Vətəndaşların fəal iştirakı ilə yaşıllaşdırma tədbirləri aparıldı və yüz minlərlə ağac əkildi.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin, folklorunun və milli mədəniyyətinin güzgüsüdür. Xalqımızın qədimdən qoruyub saxladığı bu bayram birliyə, sevgi və mərhəmətə əsaslanır. Novruzda süfrələrin müxtəlif nemətlərlə bəzədilməsi, bayram ziyarətləri , insanların bir-birinə qarşılıqlı hörməti milli kimliyimizin əsas xüsusiyyətlərindən biridir. Xalqımızın  adət-ənənələrinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli və bayram süfrələri açılmalıdır. Novruz insanlara həm fiziki, həm də mənəvi yenilənməni xatırladır. Bu bayramın fəlsəfəsi məhz sevgi və həmrəylik üzərində qurulub. Bundan başqa, Novruzun əkinçilik və torpaqla bağlı olması insanların əməksevərliyini və təbiətə qayğısını əks etdirir. Baharın gəlişi ilə insanlar torpağı əkib-becərməyə başlayır, bu da Novruzun həm də zəhmətkeşliyin və bərəkətin simvolu olduğunu göstərir.

Novruz bayramı təkcə milli-mədəni dəyərlərimizi deyil, həm də ölkəmizdə gedən siyasi proseslərdə yeni təcrübənin formalaşmasını əks etdirir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə qarşılıqlı bayramlaşması yeni siyasi mədəniyyətin təşəkkül tapdığını göstərir. Bu cür dialoqlar, Novruzun özündə daşıdığı birlik və həmrəylik prinsipləri ilə uzlaşaraq, ölkədə sağlam siyasi mühitin yaranmasına və fikir müxtəlifliyinə hörmətin artırılmasına töhfə verir.

Azərbaycan xalqı üçün Novruz bayramı həmişə yenilənməni, bərpaolunmanı və ümidi simvolizə edib. Lakin 2021-ci ildə bu bayram xüsusi tarixi əhəmiyyət daşıdı. İlk dəfə olaraq, 30 illik işğaldan sonra Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Novruz bayramı qeyd olundu. Prezident İlham Əliyevin 20 mart 2021-ci ildə Şuşada etdiyi təbrik çıxışı yalnız bir bayram mesajı deyil, eyni zamanda tarixi qələbənin, haqq-ədalətin bərpasının və Azərbaycan xalqının əzmini göstərən mühüm bəyanat idi.

Bütün xalqımız üçün Novruz bayramının Cıdır düzündə qeyd edilməsi yalnız bayram sevincindən ibarət deyildi. Bu, həm də düşmənin illərlə bizdən qəsb etdiyi torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasının, haqqın bərpa olunmasının və milli qürurun təcəssümü idi.

2022-ci ildə Suqovuşanda Novruz tonqalının qalanması xalqımızın tarixi torpaqlarına sahib çıxmasının növbəti simvolu oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, Suqovuşan qədim Azərbaycan diyarıdır və 1923-cü ildə əsassız olaraq qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilmişdi. Bu gün isə Suqovuşan abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı ərazilərdən biridir. Turizm infrastrukturunun yenidən qurulması və yaşayış binalarının bərpası burada həyatın canlandığını sübut edir. 2023-cü ildə isə dövlət başçımız xalqımızın Novruz bayramını Talış kəndindən təbrik etdi. Prezident İlham Əliyev çıxışında bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını bir daha vurğuladı. Talışda qalanan Novruz tonqalı, Azərbaycan xalqının birliyinin və mübarizəsinin simvoluna çevrildi.

2024-cü ildə bayram tonqalı Xankəndidə yandırıldı. Bu, Azərbaycanın tam qələbəsini və suverenliyinin bərpasını göstərən mühüm hadisə idi. Prezident İlham Əliyev qeyd etdi ki, Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır və bu, Azərbaycanın tarixi zəfərinin növbəti rəmzidir. Qarabağda həyata keçirilən geniş quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, azad edilmiş ərazilərdə həyatın yenidən canlanması Azərbaycanın gücünü və iradəsini nümayiş etdirir.

Novruz bayramının ardıcıl olaraq azad edilmiş Qarabağ torpaqlarında qeyd olunması xalqımız üçün böyük qürur mənbəyidir. Bu bayram artıq təkcə təbiətin oyanışı deyil, həm də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və bərpa edilən torpaqlardakı həyatın təntənəsidir. Qarabağda hər yanan bayram tonqalı xalqımızın birlik və mübarizə ruhunun, gələcəyə olan inamının parlaq simvoludur.

Bu gün biz təkcə Novruzu deyil, Qarabağın dirçəlişini, Azərbaycan xalqının sarsılmaz iradəsini və Vətənə olan sevgisini də qeyd edirik. Şuşada və digər azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız göstərir ki, haqq-ədalət öz yerini tapıb və Azərbaycan tarixi ədaləti bərpa edib.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini