18 mart 2025 17:18
115

Azərbaycanın təcrübəsi nümunə ola bilər

“Bir neçə gün öncə Azərbaycan mötəbər beynəlxalq tədbir olan XII Qlobal Bakı Forumuna uğurla ev sahibliyi etdi. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən Foruma dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimi, o cümlədən təxminən 50 fəaliyyətdə olan və sabiq prezidenti, baş naziri, həmçinin BMT strukturlarının rəhbərlərini, Nobel mükafatı laureatları, çoxsaylı alimlər və ekspertləri  qatıldılar. Forum üçün bu mövzunun seçilməsi heç də təsadüfi deyil. Qlobal səviyyədə müşahidə edilən proseslər dünyanın gələcəyi üçün ciddi narahatlıqlar yaradır. Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində də hazırkı qlobal geosiyasi və geoiqtisadi reallıqlar fonunda yaranan aktual çağırışlara dair fikirlərini ifadə edib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, hazırda dünyanın mənzərəsi kifayət qədər ziddiyyətlidir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil.

Həqiqətən də, bu gün dünyada ümumi prinsiplərə əsaslanan qaydalar mövcud deyil. Bir sıra hallarda beynəlxalq hüquq arxa plana keçir, ikili standartlar və selektiv yanaşmalar önə çəkilir. Güc mərkəzləri tərəfindən ayrı-ayrı ölkələrə təzyiq göstərmək cəhdləri artıb. Azərbaycan belə yanaşmaları uzun illər ərzində öz üzərində hiss edən, bunu yaşayan dövlətdir. Ölkəmiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayan bu işğal nəticəsində ərazilərimizin 20 faizini itirmişdik, bir milyondan çox azərbaycanlı doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalmışdı. Bu, əsl humanitar fəlakət idi. Ancaq beynəlxalq birlik tərəfindən Azərbaycana dəstək göstərilmirdi, təcəvüzkar dövlət BMT-nin qətnamələrini yerinə yetirmədiyinə görə cəzalandırılmırdı.

Millət vəkilinin sözlərinə görə, dünyada oxşar məsələlərin həllinə fərqli yanaşmalar ortaya qoyulması ciddi narahatlıq doğurur. Beynəlxalq hüququn işləmədiyi bir şəraitdə Azərbaycanın dövlət başçısı ən doğru yolu, ən düzgün seçimi müəyyənləşdirdi, ölkənin milli gücünü ərazi bütövlüyümüzün təmin olunması naminə səfərbər etdi. Beləliklə, respublikamız 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində təcəvüzkarı kapitulyasiyaya məruz qoymaqla tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə təmin etdi. Dövlətimizin başçısının müsahibədə söylədiyi aşağıdakı fikirlərə müstəqilliyini qorumaq istəyən milli dövlətlər xüsusi diqqət yetirməlidir: “...aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”,

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın keçdiyi yol dünyada  ikili standartlardan əziyyət çəkən milli dövlətlər üçün gözəl bir nümunədir. Cənab Prezidentin dediyi kimi, bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Ölkələr bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər yaxşı olar. Prezident İlham Əliyev “Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”, - deyə bildirib.

“Dünyanın hazırkı qeyri-müəyyən reallıqları şəraitində digər vacib bir məqamın da önəmi bütün cəhətləri ilə üzə çıxıb. Bu da ondan ibarətdir ki, dövlətlər arasındakı problemlərin həllində danışıqların birbaşa, ikitərəfli formatda aparılmasına üstünlük verilməlidir. Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində əldə olunan nəticələr danışıqların ikitərəfli formatda aparılmasının üstünlüklərini əyani şəkildə ortaya qoyur. Çoxtərəfli platformalar hər hansı bir problemin həllini sözün əsl mənasında düyünə salır. Bunun səbəbi odur ki, belə platformalarda təmsil olunan güclərin hər biri sırf öz maraqlarını diqtə etməyə və müəyyən siyasi, iqtisadi dividentlər qazanmağa çalışırlar. Bunu biz postmüharibə mərhələsində Fransanın Brüssel formatında nümayiş etdirdiyi qərəzli yanaşmaların timsalında növbəti dəfə izlədik. Bundan sonra Prezident İlham Əliyevin təşəbbüsü əsasında danışıqlar ikitərəfli formatda aparılır. Artıq sülhyaratma prosesində yeni mərhələyə keçid edildiyi fikrini ifadə edə bilərik. Belə ki, bugünlərdə  sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Beləliklə, Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.