18 mart 2025 17:12
107

Novruz- birlik, ünsiyyət və yenilik

“Novruz birlik, ünsiyyət, yenilik bayramıdır. Xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələrini ehtiva edən Novruz Bayramı insanlar arasında birliyin, mehribanlığın təcəssümüdür. Ulu öndər Heydər Əliyev vurğulamışdır ki, “Novruz bayramı xalqımızı bütövləşməsini, milli kimliyini, milli varlığının ifadəsini özündə cəmləşdirir”. Prezident İlham Əliyevin də bildirdiyi kimi Novruz bayramı Azərbaycan xalqının mənəvi dünyasının ayrılmaz hissəsidir. Sözsüz ki, sivilizasiyanın mərkəzlərindən biri kimi tanınan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna rol oynayır. Tarixin ayrı-ayrı dövrlərində müəyyən qadağalara baxmayaraq xalqımız bu ənənələri bu günümüzə qədər qoruyub saxlaya bilib.”

“İki sahil” xəbər verir ki,  bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Novruz bayramının, muğam və aşıq sənəti ilə yanaşı, UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edilməsi isə birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri sayəsində mümkün olub: “2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın min illiklər boyu qoruyub saxladığı zəngin mədəni irsdir. Hələ İslamdan öncə qeyd edilən bu bayram ərazi, tarix və milli kimliklə bağlı bütün suallara da aydınlıq gətimiş olur. Çünki coğrafi məkan olaraq Novruz bayramının tarixi Azərbaycan torpaqlarında qeyd edilməsi burada yaşayan xalqın milli kimliyini, onun adət-ənənəsini, folklorunu özündə cəmləşdirir”.

Deputat bildirib ki, tarixi reallığa əsaslanaraq Novruz bayramı Azərbaycanla yanaşı Şərq ölkələrinin əksəriyyətində qeyd edilir: “Bu baxımdan da Novruz onu qeyd edən xalqlarla yanaşı bəşəri dəyərləri özündə ehtiva edir. Bu bayram həm də Azərbaycan xalqının mədəni irsinin zənginliyini, rəngarəngliyini, ümumbəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Sülhü və tolerantlığı tərənnüm edən Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açılır, yaşlı və ehtiyacı olan insanlar ziyarət olunur. İnsanlar bayramlaşmaqla yeni bir nəfəsin, torpağın oyanışını qeyd edir. Bu gün qalib və güclü Azərbaycanda hər bir əlamətdar gün və təqvim kimi Novruz Bayramı da yüksək səviyyədə qeyd olunur. Minilliklərin süzgəcindən axıb gələn dəyərlər xalqımız tərəfindən yaşadılmaqla yanaşı o, gələcək nəsillərə daha yüksək səviyyədə ötürülür. Azərbaycanın hər yerində olduğu kimi azad edilmiş torpaqlarımızda da Novruz tonqalları qalanır, insanlarımız bayram süfrələri açır, öz ata-baba torpaqlarında bayramı qeyd edən soydaşlarımız üçün bu ayrı bir sevinc hissi yaradır. 5 ildir ki, Azərbaycan xalqı Novruzu qalib kimi qeyd etməyin qürurunu yaşayır. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş bu günki qalib Azərbaycan məhz uzun on illiklər bayramlarda edilən arzuların təzahürüdür”.

Sevinc Hüseynova vurğulayıb ki, artıq 5 ildir Novruz bayramı Zəfər ruhunda qeyd olunur: “Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları yandırılır. Cıdır düzündə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin tarixi Zəfərdən sonra alovlandırdığı Novruz tonqalı xalqımızın illərlə arzuladığı reallığın təcəssümü idi. 2021-ci ildə  Şuşada,  2022-ci ildə Suqovuşanda, 2023-cü ildə  Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində Novruz tonqalını alovlandran Prezident İlham Əliyev xaqlımıza birlik, qələbənin vermiş olduğu qüruru çatdırmış olub. Bu gün bir çox vacib qlobal platformaların ev sahibi kimi çıxış edən Azərbaycan bundan sonra da beynəlxalq miqyasda qalib və güclü dövlət kimi öz maraqlarını ən yüksək səviyyədə təmin edəcək”.