18 mart 2025 17:31
193

Prezident İlham Əliyev həm region, həm də dünya üçün əhəmiyyət kəsb edən mesajlar verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və Euronews telekanalına müsahibəsi  zamanı  mövcud çağırışları  səsləndirməklə  yanaşı, onların aradan qaldırılması yollarını açıqladı.  Hər zaman olduğu kimi, bu müsahibə tək region üçün deyil, həm də dünya üçün əhəmiyyət kəsb edən mesajlarla zəngin idi. 

Bu gün köhnə  birlik və ittifaqların dağılması, eləcə də yeni güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın təcrübəsi və verdiyi töhfə  bir daha onu göstərir ki, rəsmi Bakı dünyanın gələcəyi ilə bağlı müzakirələrə istiqamət verən, problemlərin həllində söz sahibi olan qlobal oyunçudur. Prezident İlham Əliyev dünyanın hazırkı mənzərəsini şərh edərkən bildirdi ki: "Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.  Bu gün dünyanın siyasi mənzərəsi köklü şəkildə dəyişir. Məlumdur  ki, hazırda yeni dünya nizamı formalaşır və bu prosesin yekun mənzərəsi hələ tam aydın deyil. Qlobal siyasətə təsir etmək imkanına malik olan ölkələr və güc mərkəzləri hələ də yeni qaydalar yaratmaq uğrunda mübarizə aparır. Mövcud beynəlxalq nizamın artıq işləmədiyi qəbul edilir. BMT və digər beynəlxalq təşkilatların qərarlarının selektiv tətbiqi, xüsusən də güclü dövlətlərin bu təşkilatların mexanizmlərindən öz maraqları naminə istifadə etmələri qlobal nizamın böhran içində olduğunu açıq şəkildə nümayiş etdirir. Məhz bu səbəbdəndir ki, dövlətlərin gələcəkdə istər-istəməz öz daxili potensialına və ikitərəfli münasibətlərinə daha çox arxalanacağına dair geniş fikir formalaşır.

Ölkəmiz bu məsələdə parlaq nümunədir. Müstəqilliyinin ilk illərində əraziləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan uzun müddət beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların qərarlarına arxalanaraq, öz torpaqlarını sülh yolu ilə azad edəcəyinə ümid edirdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qətnamələrində və digər beynəlxalq sənədlərdə Ermənistanın işğalçılıq siyasəti açıq şəkildə pislənsə də, bu qərarlar icra olunmayıb. Nəticədə 2020-ci ildə Azərbaycan müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa etdi və bu, tarixi ədalətin bərpasına səbəb oldu. Bu sübut etdi ki, beynəlxalq hüququn selektiv tətbiqi kontekstində hər bir dövlətin öz gücünə və daxili potensialına arxalanması həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, yeni qlobal nizamın formalaşmasında beynəlxalq təşkilatların rolunun azaldılması prosesi və ikitərəfli münasibətlərin ön plana çıxması getdikcə nəzərə çarpır. Hazırda BMT, ATƏT və digər beynəlxalq təşkilatlar ya tamamilə iflic vəziyyətindədir, ya da onların qəbul etdiyi qərarlar icra olunmur. Məsələn, Ukrayna müharibəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fəaliyyətində ciddi səmərəsizlik var. Eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq dayandırılıb və bu qurumun uzun illər fəaliyyəti heç bir nəticə verməyib.

Mövcud vəziyyətin yaratdığı yeni reallıq dövlətləri regional əməkdaşlığa və ikitərəfli münasibətlərə üstünlük verməyə sövq edir. Azərbaycanın da burada mühüm təcrübəsi var. Türkiyə, Pakistan, Macarıstan və digər dövlətlərlə sıx əməkdaşlıq edən ölkəmiz xarici siyasətində yeni əməkdaşlıq platformalarının yaradılmasına nail olmuşdur. Xüsusilə, Türkiyə ilə hərbi-strateji əməkdaşlıq və Şuşa Bəyannaməsi çərçivəsində ikitərəfli əlaqələrin gücləndirilməsi regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, Azərbaycanın enerji siyasəti də yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib. Azərbaycanın bu layihələrdə oynadığı əsas rol ölkənin uğurlu enerji siyasəti strategiyasını və beynəlxalq əməkdaşlıqda lider mövqeyini təsdiq edir.

Dünya siyasətinin bu transformasiya prosesinin yaxın illərdə daha da sürətlənəcəyi proqnozlaşdırılır. Bu yeni konfiqurasiya çərçivəsində Azərbaycanın geostrateji mövqeyi və zəngin enerji resursları ölkənin regional və beynəlxalq arenada mühüm oyunçu kimi çıxış etməsinə imkan verəcək. Beləliklə, Azərbaycan öz daxili imkanlarına arxalanaraq, çevik diplomatik siyasət yürüdən və ikitərəfli münasibətlərə böyük önəm verir.

Prezidentin səsləndirdiyi fikirlərdə Cənubi Qafqazın gələcəyi və təhlükəsizliyi ilə bağlı mühüm məqamlar var. Məsələnin mahiyyəti ondan ibarətdir ki, tarixən region uzun illərdir qarşıdurma və düşmənçilik mühitində mövcud olub və bu, regional inteqrasiya və sabitliyə ciddi maneə yaratmışdır. Lakin son zamanlar müşahidə olunan nisbi sakitlik əməkdaşlıq üçün yeni mexanizmlərin yaradılması üçün mühüm fürsət kimi qiymətləndirilməlidir. Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi yalnız hərbi-siyasi balansla mümkün deyil. Əsas məqam regionda hərtərəfli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Belə mexanizmlər, ilk növbədə, dövlətlərarası etimadın bərpasına, sərhəd problemlərinin həllinə və qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə əsaslanmalıdır. İndiki şəraitdə Azərbaycan regionda sabitliyin qorunmasında və əməkdaşlıq imkanlarının yaradılmasında fəal rol oynayır. Azərbaycanın xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üçün əsas platformalardan biridir. Azərbaycan regional iqtisadi layihələri dəstəkləyir, nəqliyyat və enerji dəhlizlərinin açılması üçün təşəbbüslər irəli sürür. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşdırılması strateji əhəmiyyət kəsb edir və regionun iqtisadi inkişafına, eləcə də təhlükəsizliyinə mühüm töhfə verə bilər. Eyni zamanda, Gürcüstanın balanslaşdırılmış xarici siyasəti və Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağına çevrilməsindəki rolu regionun təhlükəsizlik və əməkdaşlıq imkanlarına müsbət təsir göstərir.  Lakin Ermənistanın mövqeyi bu prosesin həyata keçirilməsinə ciddi maneələr yaradır. Ermənistanın müxtəlif xarici amillərin təsiri altında destruktiv mövqeyi və sülh danışıqlarında qeyri-müəyyən davranış nümayiş etdirməsi regional sabitliyə təhlükə yaradır. Xüsusilə Fransa Ermənistanı silahlandırır və Cənubi Qafqazda sabitliyi pozmağa çalışır, regionda sülh prosesinə zərbə vurur.

Prezident İlham Əliyev vurğuladı ki: “ Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”. Bu sözlər Azərbaycanın xarici siyasət strategiyasının əsasını təşkil edən müstəqillik və özünü təminat prinsiplərini aydın şəkildə əks etdirir. Bu illər ərzində Azərbaycan rəhbərliyi dəfələrlə vurğulamışdır ki, beynəlxalq münasibətlərdə öz milli maraqlarını qorumağın ən səmərəli yolu daxili potensiala və strateji müdrikliyə arxalanmaqdır. Bu yanaşmanın uğurunu real hadisələr və əldə edilən uğurlar təsdiqləyir. Birincisi, Azərbaycanın milli maraqlarının müdafiəsi siyasətində mühüm amil beynəlxalq təşkilatlara və ya xarici güclərə həddindən artıq inamın olmamasıdır. Tarix sübut edib ki, beynəlxalq təşkilatlar əksər hallarda ya səmərəsiz olub, ya da siyasi maraqlardan ötrü qərəzli olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə uzun illər ərzində yerinə yetirilməyib, beynəlxalq hüquq normaları pozulmaqda davam edib. Nəticədə 2020-ci ildə Azərbaycan müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün bunlar göstərdi ki, beynəlxalq hüquqa arxalanmaq kifayət deyil və ölkələr öz milli maraqlarını qorumaq üçün ilk növbədə öz daxili resurslarına arxalanmalıdırlar. İkincisi, son illərdə dünyada baş verən hadisələr – Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik və Afrikada artan siyasi böhranlar sübut edir ki, qlobal nizam qeyri-müəyyən vəziyyətdədir və yalnız güclü daxili resurslara, güclü siyasi iradəyə malik dövlətlər bu prosesdə öz müstəqilliyini və sabitliyini qoruya bilər. Azərbaycanın bu prosesdə əldə etdiyi uğurlar onun xarici siyasətinin düzgün strategiya üzərində qurulduğunu təsdiqləyir. Üçüncüsü, xarici yardıma həddən artıq güvənməyin təhlükələri göz qabağındadır. Tarix göstərir ki, həddindən artıq başqa dövlətlərə və ya beynəlxalq təşkilatlara arxalanan ölkələr nəinki öz təhlükəsizliyini təmin edə bilmir, əksinə, suverenliklərinin bir hissəsini itirirlər. Bunun bariz nümunəsi Ermənistandır. Onilliklər ərzində Ermənistan xarici himayədarlığa, xüsusən də Rusiyanın və son zamanlar Fransanın dəstəyinə arxalanaraq öz daxili gücünü artırmayıb. Nəticədə ölkə iqtisadi cəhətdən zəiflədi, siyasi qeyri-sabitlik və regional təcrid vəziyyətinə düşdü. Azərbaycanın  müstəqillik strategiyası iqtisadi sahədə də özünü doğruldub. Enerji ixracından əldə edilən gəlirləri səmərəli idarə etməklə ölkə qeyri-neft sektorunun inkişafına böyük sərmayələr yatırmışdır. Bunun nəticəsidir ki, Azərbaycan regionda müasir infrastrukturun qurulmasında lider mövqe tutmuş və Qafqazın əsas tranzit mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın daxili resurslara əsaslanan siyasətinin uğurlu nəticələridir.      Odur ki, Azərbaycanın əldə etdiyi uğurlar bir daha təsdiqləyir ki, müstəqil xarici siyasət, öz resurslarına inam və milli maraqların prioritetliyi bugünkü beynəlxalq münasibətlər sistemində qeyri-sabit və qeyri-sabit uğurun əsas şərtidir. Bu, təkcə nəzəriyyə deyil, həm də Azərbaycanın praktik təcrübəsi ilə sübut edilmiş mühüm faktdır. Azərbaycan bütün tarixi boyu dəfələrlə göstərib ki, güclü iqtisadiyyat, çevik diplomatiya və güclü ordu ilə dövlətin suverenliyini qorumaq və gələcəyi qurmaq mümkündür. Bu yanaşma regionun digər dövlətləri üçün nümunəvi model ola bilər.

Dövlət başçısının müsahibəsində beynəlxalq münasibətlərin reallıqları və müasir geosiyasi dinamika dəqiq təsvir olunur. Münaqişələrin həlli və uzunmüddətli sabitlik məsələlərində həddindən artıq optimizmdən daha çox realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal şəkildə başa çatması sülhün tam bərqərar olması demək deyil. Sülhün sabitliyinin əsas şərtlərindən biri hərtərəfli və hüquqi əsaslara əsaslanan sülh müqaviləsinin imzalanmasıdır. Bu kontekstdə Ermənistanla 30 ilə yaxın davam edən münaqişədə Azərbaycanın təcrübəsi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar xüsusi diqqət mərkəzindədir.1994-cü ildə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi hər iki tərəfdə müharibənin bitəcəyi ilə bağlı gözləntiləri artırdı. Lakin əslində bu, yalnız münaqişənin “dondurulmuş” fazaya daxil olması demək idi. Atəşkəs dövründə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qanunsuz məskunlaşdırmağa, infrastruktur layihələrini həyata keçirməyə və regionun demoqrafik mənzərəsini dəyişməyə cəhd göstərib. Bu, vəziyyəti daha da gərginləşdirdi və yeni münaqişə ehtimalını artırdı. Nəticə etibarı ilə bu “sabitlik” illərində Ermənistanın hərbi-siyasi təxribatları 2020-ci ildə 44 günlük müharibənin başlamasına səbəb oldu. Tarixi təcrübə göstərir ki, sülhün bərqərar olması yalnız kağız üzərində imzalanmış atəşkəs sazişi ilə mümkün deyil. Əsl sabitlik hüquqi prinsiplərə əsaslanan, qarşılıqlı öhdəlikləri aydın şəkildə müəyyən edən və beynəlxalq təminat mexanizmlərini özündə əks etdirən sülh müqaviləsini tələb edir. Oxşar vəziyyət Rusiya-Ukrayna müharibəsində də müşahidə olunur. Müharibənin sonu yalnız hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə məhdudlaşarsa, uzunmüddətli sabitlik təmin edilməyəcək. Əgər tərəflər arasında münaqişənin əsas səbəblərini həll edən sülh razılaşması əldə olunmasa, bu, qısa müddətdə müharibənin yenidən başlamasına səbəb ola bilər. Rusiya-Ukrayna münaqişəsi təkcə regional deyil, həm də qlobal miqyasda yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Oxşar təhlükə Yaxın Şərq və Afrika regionlarında da müşahidə olunur. Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi, Suriya və İraq böhranları, Yəməndəki vətəndaş müharibəsi və Livandakı qeyri-sabit siyasi vəziyyət regionda genişmiqyaslı münaqişələrin davam etməsinə səbəb olur. Bununla belə, Afrika qitəsində Mali, Sudan, Efiopiya və başqa yerlərdə davam edən silahlı münaqişələr daimi sülhün perspektivlərini sual altına qoyur. Bu kontekstdə Qarabağ münaqişəsinin həlli mühüm nümunə kimi ön plana çıxır. Azərbaycan beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanaraq 2020-ci ildə öz ərazilərini işğaldan azad edib, suverenliyini bərpa edib. Bu prosesdə Azərbaycanın öz gücünə arxalanması, müstəqil siyasəti mühüm rol oynayıb. Hazırda dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatları Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tam şəkildə tanıyır və bu, Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi baxımdan qələbəsinin uğurlu nəticəsi hesab olunur. Qeyd edək ki, bu uğurun tam və daimi sülhə çevrilməsi üçün Azərbaycan və Ermənistan arasında rəsmi sülh sazişinin imzalanması vacibdir. Hazırda Ermənistan tərəfinin qeyri-müəyyən mövqe tutması və müxtəlif xarici təsirlərə açıq olması bu prosesi çətinləşdirir. Bu, regionda qeyri-sabitlik riskini yenidən artırır.

Müsahibə zamanı Azərbaycan- ABŞ münasibətlərinə toxunan  Prezident İlham Əliyev ölkəmizin ABŞ-la münasibətləri ilə bağlı bildirdi ki, “ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”. Azərbaycanın ABŞ ilə möhkəm tərəfdaşlıq münasibətlərini bərpa etmək niyyəti məntiqi və strateji baxımdan zəruri addımdır. Azərbaycan regionda əsas enerji təchizatçısı və nəqliyyat və tranzit qovşağı kimi ABŞ üçün strateji əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanın terrorizmlə mübarizədə fəal mövqeyi və sülh gündəminə dəstək verməsi də Vaşinqtonla əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Deməli, ABŞ-ın yeni administrasiyasının siyasəti təkcə region üçün deyil, həm də qlobal miqyasda mühüm geosiyasi dəyişikliklərə yol açır. Azərbaycanın bu prosesdə tutduğu mövqe və xarici siyasət strategiyası regional sabitliyin təmin edilməsi və Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından böyük əhəmiyyət kəsb edir. ABŞ ilə düzgün qurulmuş strategiya əsasında əməkdaşlığın qurulması Azərbaycanın milli maraqlarının qorunmasında və suverenliyinin möhkəmləndirilməsində həlledici rol oynayacaqdır.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor