18 mart 2025 18:47
229

Yeni dünya düzənində Azərbaycanın strateji mövqeyi və diplomatik yanaşması

Dünyanın siyasi arxitekturasında ciddi dəyişikliklər baş verdiyi bir dövrdə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə həm regional, həm də qlobal kontekstdə strateji əhəmiyyət kəsb edən vacib məsələləri ön plana çıxarır. Bu müsahibə XII Qlobal Bakı Forumunun əsas məqamları ilə birgə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan rolunu və qətiyyətli diplomatik mövqeyini nümayiş etdirir.

Dövlətimizin başçısının vurğuladığı kimi, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Bu Forum sadəcə dialoq məkanı deyil, həm də qlobal gündəliyin formalaşdığı intellektual mərkəzə çevrilib. Müxtəlif fikirlərin toqquşduğu və ziddiyyətli yanaşmaların səsləndiyi bu məkan öz mahiyyəti ilə beynəlxalq məsələlərə yanaşmanın yenidən düşünülməsinə zəmin yaradır. Forumda səslənən ideyalar və təcrübə mübadiləsi yeni dünya düzənində ölkələrin hansı istiqamətdə hərəkət etməli olduğuna dair mühüm istiqamətləri göstərir.

Müsahibədə Azərbaycan Prezidenti bildirib ki, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Mövcud beynəlxalq hüquq normalarına istinadla qurulan sistemin dayanıqsızlığı son illərdə yaşanan proseslərlə bir daha özünü göstərdi. Selektiv hüquq tətbiqi, ikili standartlar və təsirsiz beynəlxalq institutlar dünyanı qeyri-sabitlik girdabına sürükləyir. Belə bir şəraitdə hər bir dövlətin öz daxili imkanlarına arxalanaraq siyasət yürütməsi artıq zərurətə çevrilib. Azərbaycan bu modeli artıq uğurla tətbiq edib və müsbət nəticə əldə edib.

Hazırkı reallıq ondan ibarətdir ki, bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətindədir. Bu səbəbdən də beynəlxalq münasibətlərdə yeni tendensiya – ikitərəfli münasibətlərə üstünlük verilməsi gündəmə gəlib. Dövlətlər daha çox konkret maraqlar əsasında tərəfdaşlıq formalaşdırmağa çalışır, bu yanaşma daha çevik və effektiv mexanizmə çevrilir. Azərbaycan da bu reallığı nəzərə alaraq öz diplomatik fəaliyyətini yeni prinsiplər üzərində qurur.

Cənubi Qafqaz uzun müddət qarşıdurma və düşmənçilik bölgəsi olub, regionda davamlı sabitliyin təmin olunması yalnız sülh yolu ilə mümkündür. Prezident İlham Əliyev qeyd edib ki, region ölkələri arasında sovet dövründə mövcud olmuş təmaslar və qarşılıqlı anlaşma təcrübəsindən istifadə edilməlidir. Azərbaycan bu baxış bucağı ilə həm regional əməkdaşlığa, həm də sülhün təşviqinə töhfə verir.

Azərbaycanın xarici siyasətində əsas istiqamət milli maraqların müdafiəsi və heç bir beynəlxalq quruma arxalanmama prinsipidir. Müsahibədə vurğulandığı kimi, Azərbaycanın təcrübəsi sübut etdi ki, öz gücünə, öz resurslarına əsaslanan inkişaf modeli real nəticələr verir. Bu model nəinki ərazi bütövlüyünün bərpası, həm də müstəqil gələcəyin təminatıdır.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, sülh sazişi imzalanana qədər bölgədə tam sabitlik mümkün deyil. Bütün tərəflərin hüquqlarının tanındığı və qarşılıqlı öhdəliklərin yerinə yetirildiyi bir sənəd olmadan uzunmüddətli təhlükəsizlik təmin edilə bilməz. Bu səbəbdən Azərbaycanın sülh təşəbbüsləri regionda sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Qarabağ münaqişəsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunması müasir dövrdə nadir uğurlu nümunələrdəndir. Bu model hazırda dünyanın digər bölgələri üçün də presedent təşkil edir. Azərbaycan münaqişənin hərbi-siyasi mərhələsini uğurla başa vuraraq, yeni sülh mərhələsini formalaşdırır.

Meydanəli Yolçiyev,
​YAP Daşkəsən rayon təşkilatının sədri