19 mart 2025 10:53
92

Annalena Berbok BMT Baş Assambleyasının sədri ola bilər

Almaniya hökuməti BMT Baş Assambleyasının 2025-2026-cı illər üçün sədri vəzifəsinə xarici işlər naziri Annalena Berbokun namizədliyini irəli sürmək istəyir.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə hökumət dairələrindən məlumat verilib. Müvafiq qərarın artıq təsdiqlənməkdə olduğu bildirilir. BMT daxilində aparılan daxili razılaşmalara əsasən, onun seçilməsi sadəcə formal proses hesab olunur. Baş Assambleyanın sədri vəzifəsinə seçkilərin iyunun 2-də keçirilməsi gözlənilir. Sentyabrda başlayacaq sədrlik müddəti bir il davam edəcək.

Baş Assambleya BMT-nin siyasi qərarlar qəbul edən əsas orqanıdır. Onun sədri hər plenar iclası açır və bağlayır, müzakirələri idarə edir, prosedur qaydalarına riayət olunmasına nəzarət edir, çıxış və sual vermə hüququnu müəyyənləşdirir və qərarları elan edir.

Qeyd edək ki, Almaniya hökuməti 2024-cü ilin sentyabrında bu yüksək vəzifəyə uzun illik təcrübəyə malik diplomat, ATƏT-in sabiq Baş katibi Helqa Şmidi namizəd göstərmişdi.