İqlim dəyişikliyi ilə mübarizə və "yaşıl iqtisadiyyat"ın təşviqi üçün vergi siyasətinin yenidən qurulmasını tələb edir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) rəsmi saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu istiqamətdə vergi administrasiyalarının yeni ekoloji təşəbbüsləri dəstəkləyən vergi formatlarını tətbiq etməsi zəruridir: “Yaşıl vergilər” və karbon vergiləri kimi alətlərin tətbiqi vergi orqanlarının qarşılaşdığı mühüm məsələlərdən biridir. Bununla yanaşı, vergi yığımı və nəzarət sistemlərinin səmərəliliyini artırmaq üçün süni intellekt, blokçeyn və digər rəqəmsal texnologiyalar getdikcə geniş tətbiq olunur. Lakin bu texnologiyaların inkişafı və tətbiqi zamanı hüquqi, texniki və sosial problemlər yarana bilər".
O. Nəzərli bildirib ki, IOTA və üzv ölkələr üçün əsas problemlərdən biri qlobal tendensiyalara uyğunlaşmaqdır: "Bunlar əsasən texnoloji yeniliklər, dəyişən iqtisadi şərtlər və beynəlxalq əməkdaşlıq tələbləri ilə bağlıdır. Rəqəmsal iqtisadiyyatın, onlayn ticarətin və rəqəmsal xidmətlərin sürətli inkişafı, eləcə də kriptovalyutaların vergi siyasətinə inteqrasiyası yeni vergi mexanizmlərinin formalaşdırılmasını tələb edir".
DVX-nın rəisi digər mühüm çağırış kimi vergi bazasının eroziyası və vergidən yayınma ilə mübarizəni qeyd edib: "Avropada bu problem prioritet olaraq qalır, çünki çoxmillətli korporasiyalar və yüksək gəlirli fərdlər mövcud vergi qanunvericiliyindəki boşluqlardan istifadə edərək vergidən yayınma strategiyaları qururlar. Bu vəziyyət Avropa İttifaqında vergi harmonizasiyası və hüquqi uyğunluğun təmin edilməsi məsələsini daha da aktuallaşdırır".
O hesab edir ki, vergi administrasiyaları arasında əməkdaşlığın gücləndirilməsi və qlobal vergi sazişlərinin imzalanması çoxmillətli şirkətlərin və “vergi cənnətləri”ndən istifadə edən şəxslərin vergi optimallaşdırma strategiyalarının qarşısını almaq üçün mühüm rol oynayır.
"Vergi sistemlərinin gələcəyi texnoloji innovasiyalar, qlobal iqtisadi trendlər və sosial məsuliyyət anlayışı çərçivəsində formalaşacaq. Artan bərabərsizlik, rəqəmsallaşma və iqlim dəyişikliyi kimi problemlər vergi siyasətində daha səmərəli və çevik yanaşmalar tələb edir. Süni intellekt, blokçeyn və data analitikası kimi texnologiyaların vergi inzibatçılığına inteqrasiyası artıq genişlənməkdədir və bu tendensiyanın daha da sürətlənəcəyi gözlənilir", - O. Nəzərli qeyd edib.
O.Nəzərli hesab edir ki, son onilliklər ərzində IOTA beynəlxalq vergi sahəsində aparıcı fikir formalaşdıran qurumlardan birinə çevrilib. Təşkilat üzv ölkələrə əməliyyat problemlərini müəyyən etməyə, müzakirə etməyə və həll yolları tapmağa kömək edir, ən yaxşı təcrübələrin mübadiləsinə və yeni həllərin axtarışına şərait yaradır.
"Qlobal iqtisadiyyatın dəyişən tələbləri qarşısında IOTA-nın fəaliyyətinin yeni çağırışlara uyğun formalaşdırılması prioritet məsələlərdən biridir. Bu kontekstdə Avropa ölkələri ilə əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, digər regionların vergi administrasiyaları ilə münasibətlərin genişləndirilməsi də vacib hesab edilir", - o vurğulayıb.