06 aprel 2025 13:55
155

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

Manqistau vilayətində, xüsusən Aktau şəhərində 286 Qazaxıstan-Azərbaycan birgə müəssisəsi uğurla fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Aktau şəhərinin meri Abilkair Baypakov məlumat verib.

Onun sözlərinə görə, Aktau ilə Bakı arasında birbaşa bərə əlaqəsi təşkil edilib, həmçinin həftədə 10-a yaxın müntəzəm birbaşa aviareys həyata keçirilir: “Bu, Azərbaycanla ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Aktauda 15 mindən çox Azərbaycan diasporu nümayəndəsi yaşayır, onlar şəhərin mədəni, idman və ictimai həyatında fəal iştirak edirlər. Biz sülh, dostluq və harmoniya mühitində yaşayırıq”.

Şəhərin meri qeyd edib ki, Azərbaycandan Aktauya əsasən ərzaq məhsulları, o cümlədən meyvə və tərəvəz ixrac edilir.

“Qarşı istiqamətində əhəmiyyətli həcmdə məhsullar, o cümlədən buğda, neft məhsulları və metalın ixracı həyata keçirilir. Bu, regionda fəaliyyət göstərən birgə müəssisələrin səmərəli fəaliyyətinin birbaşa təsdiqidir”, - deyə A.Baypakov əlavə edib.

Şəhər rəhbəri iki ölkə arasında tərəfdaşlığın strateji xarakterinə də diqqət çəkib: “Qazaxıstan və Azərbaycanı möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir, onlar əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm fundament yaradır. Biz perspektivdə bu qarşılıqlı faydalı əlaqələri genişləndirməyi və dərinləşdirməyi planlaşdırırıq”.

Mer Aktaunun beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafında mühüm rolunu qeyd edib.

“Əlverişli coğrafi mövqeyi sayəsində Aktau regional logistikada əsas rol oynayır. Onun ərazisində Aktau dəniz limanı və Kurık terminalı fəaliyyət göstərir. Gələcəkdə biz nəqliyyat və logistika istiqamətlərini fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq”, - deyə o, vurğulayıb.