Novruzun dörd əsas çərşənbələrindən biri də sonuncu sayılan Torpaq çərşənbədir. Bu çərşənbə xalq arasında “İlaxır çərşənbə” Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi” kimi də tanınır. Bu çərşənbə torpağın isinməsi, təbiətin tam oyanması və yazın gəlməsi ilə əlaqələndirilir. Türklərin inanclarına görə, bu çərşənbədə yerin isinməsi, torpaq altında yatan həşəratlar və digər mikroorqanizmlər hərəkətə gəlir və yeni həyat başlayır. Baharın gəlişini xəbər verən təbiət hadisəsi kimi qəbul edilən "cemrə”nin torpağa düşməsi" anlayışı qədim türk və Şərq mədəniyyətlərində önəmli yer tutur. Ümumilikdə üç “cemrə” var və onlar ardıcıl olaraq havaya, suya və torpağa düşür. Üçüncü “cemrə”nin torpağa düşməsi, qışın tamamilə geridə qaldığını və baharın artıq hakim olduğunu bildirir. Üçüncü “cemrə”nin torpağa düşməsi ilə təbiət tam oyanır. İsti hava axınları torpağı qızdırır, ağaclar tumurcuqlayır, otlar cücərir, heyvanlar və həşəratlar hərəkətə gəlir. Əkinçiliklə məşğul olan insanlar üçün bu, əkin işlərinə başlamağın vaxtı olduğuna işarə edir. cemrənin yerə düşməsi yazın qapıda olduğunu, həyatın yenidən canlandığını bildirən qədim bir təbiət fenomenidir.
Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı idi: “Torpaq haqqı” deyən sözün düzünü söylərdi. Həyatın torpaq üzərində qurulması od, su, dağ kimi ünsürlərin yer üzərində mövcud olması səbəbindən torpaq bütün dövrlərdə insanlar tərəfindən müqəddəs hesab edilmişdir.
Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə keçirir. Günümüzə qədər müqəddəsliyini qoruyan və bolluq, bərəkət rəmzi olan Torpaq çərşənbəsi gününü insanlar evlərində Novruz bayramının əsasını təşkil edən səməni, şəkərbura, paxlava, müxtəlif çərəzlər, rənglərə boyanmış yumurtalarla süfrələrini bəzəyirlər. Yeməkdən sonra böyükdən tutmuş kiçiklərə qədər hər kəs tonqalın ətrafına yığışır. Novruz bayramı dedikdə ağla ilk gələn adətlərdən biri də tonqal qalamaqdır. Bayram gecəsi insanlar tonqalın üzərindən atlanaraq "Ağırlığım, uğurluğum od üstə!" deyirlər. İnsanların inancına görə, od onların bədənindəki və ruhundakı bütün mənfi enerjini yandırır, onlara sağlamlıq və uğur gətirir.
Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar.
Yer çərşənbəsi ilə bağlı müxtəlif inanclar və əfsanəvi fikirlər mövcuddur. Həmin gün insanlar öz qohumlarının evlərinə qonaq gedir, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarət edirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanırmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən əzizlərini şən əhval-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan məyus qayıtması uğursuzluq gətirər.
Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtməsi, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” deməsi bu ayinin əsas tərkib hissələrindəndir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac yaxşı bar verəcək, zaminəm” deyirmiş.
İlaxır çərşənbədə insanlar qulaq falına çıxar, eşitdikləri sözlə niyyətlərini yozarlar. Bu çərşənbədə küsülülər barışmalı, hamı xoş sözlər deməlidir. İlaxır çərşənbədə insanlar qulaq falına çıxar, eşitdikləri sözlə niyyətlərini yozarlar. Axır çərşənbənin əsas adətlərindən biri də ev qapısının qarşısına papaq ataraq insanların pay istəməsidir.
Torpaq çərşənbəsi, Azərbaycan mədəniyyətində və digər türk xalqlarının ənənələrində yalnız təbiətin oyanışını simvolizə etməklə kifayətlənməyib, həm də insanın ruhani və maddi aləmlə bağını gücləndirən bir bayramdır. Hər kəs üçün bu bayram, torpağın və ətraf mühitin müqəddəsliyini, ailə və cəmiyyət üçün uğur diləyən ənənələrin təzələnməsini ifadə edir.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi