18 mart 2025 22:39
116

Əsas hədəf daha çox beynəlxalq platformada təmsilçiliyə nail olmaqdır - RƏY

Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlara üzv olmaq əsas prioritetlərdəndir. Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və bir sıra nüfuzlu təşkilatların üzvü olan Azərbaycanın ötən ilin dekabr ayında daha bir mötəbər beynəlxalq qurumun - İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü olması bunu bir daha sübut edir. Şübhəsiz, bu, dövlətimizin artan regional və beynəlxalq nüfuzunun daha bir bariz nümunəsidir.

Prezident İlham Əliyev bu günlərdə “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” Qanunu təsdiq edib. Bununla da Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırkı şəraitdə beynəlxalq münasibətlər sisteminə daha çox inteqrasiya ölkəmiz üçün önəmlidir: “Kifayət qədər beynəlxalq təcrübəsi olan Azərbaycan iqtisadi potensialı ilə seçilən D-8-in üzvü olmaqla qlobal sistemdə fərqli rol oynamaq istəyəni ortaya qoyub. Məlumat üçün bildirək ki, Türkiyənin liderliyi ilə 90-cı illərdə bünövrəsi qoyulan bu təşkilat üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-in sıralarına inkişaf etməkdə olan səkkiz müsəlman dövləti (Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş) daxildir”.

Müsahibimizin fikrincə, bu üzvlük Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici siyasətində yeni üfüqlər açacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək: “D-8 həm də Azərbaycan üçün dünya dövlətləri, o cümlədən türk dövlətləri ilə münasibətləri daha da inkişaf etdirmək üçün əlavə bir platforma rolunu oynayacaq. Bu da dövlətimizin beynəlxalq təsirini daha da artıracaq. Azərbaycanın D-8 təşkilatına daxil olması bu təşkilata əlavə iqtisadi və geosiyasi dəyər gətirəcək. Yəni, Azərbaycan da yeni beynəlxalq münasibətlər sistemində bu təşkilatın rolunun artmasına öz töhfəsini verəcək. Prezidenti İlham Əliyev martın 4-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edərkən bu təşkilatın coğrafiyasının Xəzər dənizi və Qafqaz regionuna genişlənməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib”. 

Həmsöhbətimizin qənaətinə görə, bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan qlobal dünya sisteminə inteqrasiya olunmağa çalışan dövlətdir: “Hadisələrin gedişatı da göstərir ki, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı, arzuolunan tərəfdaş kimi qəbul edilir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”