30 mart 2025 16:11
266

Vüqar Rəhimzadə: Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək

Tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ  dogma yurd-yuvalarına qayıdışıdır. Son dörd ildən artıq dövrdə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası daha aydın görünür.   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edərək  yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər. Təkcə Sarıcalı kəndində görülən işlərə, sakinlərə rahat yaşayışları üçün yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra  bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq.

Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə uyğun olaraq yenidən qurulur, bu ərazilərdə müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılması  təqdir edilir. Azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə- “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Qeyd edək ki, “ağıllı kənd” layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk “ağıllı şəhər” isə Ağdam şəhəri olacaq. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında  Ağdam şəhərində görülən işlərin fonunda ümumilkdə bütün azad edilmiş ərazilərimiz barədə aydın təsəvvür yaratdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin  göstəricisidir.  “Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər” söyləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir.  Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Bu il istifadəyə veriləcək.  Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu.  Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu.  Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq  Ağdamda bir neçə müəssisə  fəaliyyət göstərir ki,  bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

Vüqar Rəhimzadə onu da bildirib ki, bərpa-quruculuq işlərində hər bir bölgənin turizm imkanları da nəzərdə tutulur. Bu baxımdan   Ağdamda iki mehmanxana artıq fəaliyyətə başlayıb. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündə bu xatırlatmanı da etdi ki, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda belə bir çağırışı etmişdir ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.

Milli Məclisin deputatı Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən birinin məhz  Sarıcalı kəndi olduğunu önə çəkərək  qeyd edib ki, kəndin təməli 2022-ci ildə  Prezident İlham Əliyev tərəfindən  qoyulub. Sarıcalı kəndi 1873 nəfər  əhali üçün planlaşdırılıb.  Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, körpələr evi-uşaq bağçasının, tam orta məktəbinin binasının açılışında iştirak etdilər.  Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edilməsi mərasimindəki çıxışında  bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim etdim.  Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir.  Sıfırdan qurulan Ağdam şəhəri  ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Tarixi Zəfərimizdən üç il sonra  suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da  qaytarılmasın. Amma Azərbaycan dövlətinin gücünü, iradəsini, cəsarətini və Ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. Rəşadətli  Ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində  bu gün torpaqlarımız tarixi sahibinə qovuşub. Yenidən qurulur, soydaşlarımız dogma yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini yaşayırlar. Sarıcalı kəndinin  birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. İkinci mərhələ başa çatdıqdan  sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşayış üçün bütün şərait  yaradılıb. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, bu bölgədə kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

 Millət vəkili  sözügedən səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Şuşa şəhərində bir sıra sosial obyektlərin açılışında iştirak etdiklərinə də diqqəti yönəldib. Belə ki, Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva    Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə də  tanış oldular. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurla başa çatmasına doğru atılan addımdır. Hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatacağı 2026-cı ilədək  140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışını təmin etməkdir. Bu günümüzün reallıqları bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Dirçələn, cənnət məkana çevrilən Qarabağımız və Şərqi Zəngəzurumuz tezliklə turizm, investisiya imkanları ilə dünyanın diqqətində olacaq. Bu torpaqlarda yaradılan müasir infrastruktur hədəflərin reallığa çevrilməsini şərtləndirir. Qısa müddətdə istifadəyə verilən, beynəlxalq statusa malik olan Füzuli və Zəngilan  hava limanlarının sırasına bu il Laçın Beynəlxalq Hava Limanı da daxil olacaq.