17 mart 2025 11:57
81

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 288,94 milyon ABŞ dolları dəyərində 16 758 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

"İki sahil” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,7 % çox və 26 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,4 dəfə artaraq 106 ədəd (8,92 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 27,3 % artaraq 15 309 ədəd (255,935 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 7 577-si (146,264 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 309-u (12,084 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,9 dəfə artması, ikincinin isə 42,9 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 6,9 % artaraq 1 267 ədəd (17,266 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,4 % artaraq 76 ədəd (6,819 milyon ABŞ dolları dəyərində) olub.