Bu ilin fevral ayında Azərbaycanda ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.
"İki sahil” Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.
FAO-nun hesabatına əsasən, bu, yanvar ayı ilə müqayisədə 1, 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 % artım deməkdir.
Bildirilib ki, əsas qiymət artımları taxıl, bitki yağları, süd və şəkər məhsullarında müşahidə olunub.
Məlumata görə, fevral ayında FAO-nun taxıl qiymətləri indeksi 112.6 bənd təşkil edib ki, bu da yanvar ayına nisbətən 0,7 % artım deməkdir. Əsas səbəblər arasında Rusiya və ABŞ-da əlverişsiz məhsul şəraiti və Argentinada istehsalın azalması qeyd edilir.
Fevral ayında bitki yağlarının qiyməti 2 % artaraq 156.0 bəndə çatıb. FAO-ya görə, bu artım Cənub-Şərqi Asiyada hasilatın azalması və İndoneziyada biodizel sənayesindən yüksək tələblə əlaqəlidir.
Süd məhsulları fevral ayında 4 % bahalaşıb. Xüsusilə pendir və kərə yağı qiymətlərində ciddi artım qeydə alınıb. Ekspertlər bunu Okeaniyada süd istehsalının azalması ilə əlaqələndirirlər.
Fevral ayında şəkər qiymətləri yanvara nisbətən 6.6 % artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azalma müşahidə edilib. Hindistanda istehsalın azalması və Braziliyadakı hava şəraiti bu bahalaşmaya təsir edən əsas faktorlar sırasındadır.