Yaxın illərdə bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi üçün ölkəmizdə yeni “yaşıl” güclər istifadəyə veriləcək
Azərbaycan yaşıl enerjinin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkəmiz 28 qiqavatlıq bərpaolunan enerji potensialını reallaşdırmağa çalışır. Hədəflərdən biri 2030-cu ilə qədər bərpaolunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30 faizə çatdırmaqdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonalarına çevirmək və bu ərazilərdə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün əhəmiyyətli layihələr icra olunur. Bu strategiya çərçivəsində davamlı inkişaf edən kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradılması, minlərlə hektar meşənin bərpası kimi innovativ yanaşmaların həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan iqlim dəyişmələri kimi qlobal çağırışlara çevik cavab verir, bu sahədə də beynəlxalq aləmdə etibarlı enerji tərəfdaşı kimi tanınır. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı deyib: "Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır (QVt). 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq (QVt) enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır".
Hazırda ölkəmizdən ixrac edilən enerji daşıyıcılarını şərti olaraq elektrik enerjisinə çevirsək, bu, təxminən 140 QVt elektrik enerjisi təşkil edir. Amma ölkəmizin dənizdə və quruda alternativ və bərpa edilən enerji potensialı 292 QVt həcmində qiymətləndirilir. Bu hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisindən 36,5 dəfə çoxdur. Bu potensial bir il ərzində ölkəmizdə hasil etdiyimiz neft və qazın şərti yanacaq vahidi ilə ifadəsində olan həcmindən 2 dəfə çoxdur. Bu o deməkdir ki, Azərbaycan alternativ və bərpa edilən enerji mənbələrinin potensiallarını 100 faiz reallaşdıra bilsə, hər il neft və qaz hasilatından əldə etdiyi gəlirlərin 200 faizi qədər gəlir əldə edə bilər. Başqa sözlə desək, respublikamızın alternativ və bərpa edilən enerji potensialının karbohidrogen ehtiyatlarından ən azı iki dəfə çox olduğunu demək olar.
Martın 10-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası, imzalanan sənədlər də bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Xəbər verildiyi kimi, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja və Bolqarıstanın energetika naziri Jeço Stankov, eləcə də Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (CESİ) nümayəndələrinin iştirak etdikləri iclasda ölkəmizin bərpaolunan enerji potensialının inkişafı, “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. Toplantıda “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin fəaliyyəti, qurum tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın cari vəziyyəti, Bolqarıstanın layihəyə cəlbi və layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov çıxışında Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparıldığını bildirib. Yeri gəlmişkən, Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisi potensialı ilə zənginliyi bütün dünyaya məlumdur. Mütəxəssislər dənizin ölkəmizə aid hissəsi üzrə külək enerjisinin ümumi texniki potensialını 157 qiqavat həcmində qiymətləndirirlər. Bunun da 35 qiqavatı dənizin dayaz, 122 qiqavatı isə dərin sulu hissələrinin payına düşür. Bu fakt artıq beynəlxalq enerji qurumları tərəfindən də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, Ümumdünya Külək Enerjisi Şurasının “Global Wind Report 2022” adlı hesabatında dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində dörd ölkənin ‒ Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyənin adı önə çəkilib.
Göründüyü kimi, sözügedən hesabatda Azərbaycan külək enerjisi potensialına görə bu ölkələr arasında ikinci yerdə qərarlaşıb. Qurumun hesablamalarına görə, Avstraliyanın dənizdə külək enerjisi potensialı 4 min 963 qiqavat, Azərbaycanın imkanları 157 qiqavat, Şri-Lankanın potensialı 92 qiqavat, Türkiyənin imkanları isə 70 qiqavatdır.
Artıq ölkəmiz bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanın yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Təmiz enerjinin 3 milyard 11 milyon kilovat-saatı su elektrik stansiyalarının, 839,9 milyon kilovat-saatı isə bərpaolunan enerji mənbələrinin payına düşüb. İl ərzində ölkənin günəş elektrik stansiyalarında 556,3 milyon kilovat-saat, külək elektrik stansiyalarında 51,1 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yeri gəlmişkən, bərpaolunan enerji istehsalının kəskin artması 2023-cü ilin oktyabr ayında istifadəyə verilmiş 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ahəngdar rejimdə çalışması ilə bağlı olub.
Yaxın illərdə isə bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi üçün ölkəmizdə yeni “yaşıl” güclər istifadəyə veriləcək. Bu il 240 meqavatlıq sənaye miqyaslı “Xızı – Abşeron” Külək Elektrik Stansiyası istifadəyə veriləcək. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. Bununla yanaşı, növbəti iki il ərzində Biləsuvarda 445 meqavatlıq, Neftçalada 315 meqavatlıq, Cəbrayılda 240 meqavatlıq və Qobustanda 100 meqavatlı günəş, Bakı – Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron – Qaradağ külək elektrik stansiyaları istismara daxil ediləcək. Bütün bu layihələrin icrası isə ölkəmizin yaşıl enerji potensialını artıracaq və bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası baxımından əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.
Sevinc Azadi, “İki sahil”